Azərbaycan prezidenti: Bizim seçdiyimiz yol yeganə düzgün yoldur
09.09.2016 580 0.0 0

“Azərbaycan dünya miqyasında milli, dini, etnik dözümlülük, tolerantlıq və qardaşlıq məkanı kimi tanınır. Bu, artıq reallıqdır, xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, müharibələr aparılır”.  
 
Məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışından sonra rayon ictimaiyyət nümayəndələri ilə görüşündə söyləyib.
 
Dövlət başçısı Azərbaycanda bu sahədə nümunəvi mənzərə yaşandığını qeyd edib: “Nəyə görə? Çünki həm dövlət siyasəti düzgün aparılır, həm ictimaiyyət, bütün xalqımız vahid ideya uğrunda birləşib - müstəqillik, dövlətçilik, bərabərlik, sülh, qardaşlıq ideyaları. Bu da bizi qabağa aparan əsas amillərdir. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bəzi Avropa ölkələrində işlər tam başqa istiqamətdə gedir. Hesab edirlər ki, multikulturalizmin gələcəyi yoxdur. Hesab edirlər ki, müxtəlif millətlərin nümayəndələri bir yerdə yaşaya bilmirlər. Çox böyük səhv edirlər. Bu, həm çox böyük səhvdir, həm də cinayətdir. Azərbaycana qonaq gəlsinlər, görsünlər ki, müxtəlif millətlərin nümayəndələri burada necə dostluq, mehribanlıq, qardaşlıq şəraitində yaşayırlar. Biz bu sahədə də nümunə, yol göstəririk. Bu, bizi gücləndirir, dövlətimizi, xalqımızı qabağa aparır. Bu, sağlam zəmindir. Bununla bərabər, sosial, iqtisadi, investisiya layihələri həyata keçirilir. Mən hələ enerji siyasətimizi demirəm. Bu sahədə də biz liderlik göstəririk. Ona görə, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bax, bugünkü bu mənzərə onu göstərir. Vaxtilə dağılmış, tamamilə tənəzzülə uğramış bir ərazidə görün necə gözəl əsər yaradılıb, insanlar işləyəcək, pul qazanacaq, dövlətimiz çiçəklənəcək”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar