Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq
19.02.2017 763 0.0 0

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq. “Report”un məlumatına görə, həftənin son oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə diqqətlər Sumqayıta yönələcək. Şəhərin eyni adlı təmsilçisi ilə AZAL komandası üz-üzə gələcək. Bu, komandaların ölkə çempionatlarında 23-cü dueli olacaq.

AZAL 8 xalla sonuncu pillədə qərarlaşsa da, “Sumqayıt” üçün arzuolunmaz rəqib sayılır. Çünki əvvəlki 22 matçdan 8-də “təyyarəçilər”, 4-də isə “gənclər şəhəri” təmsilçisi qalib gəlib. Cari mövsümün ilk iki dövrəsində isə qalib müəyyənləşməyib.

Sumqayıtdakı qarşılaşmada Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda ilk yarıda İlqar Ələkbərovun qolu ilə önə keçsə də, görüşün sonlarına doğru Mirabdulla Abbasov meydan sahiblərini məğlubiyyətdən xilas edib. Elə Şüvəlandakı dueldə də oxşar ssenari olub. AZAL Nuqzar Kvirtiyanın dəqiq zərbəsi ilə hesabı açsa da, “Sumqayıt” Amil Yunanovun dəqiq zərbəsi ilə məğlubiyyətdən xilas olub.

Maraqlıdır ki, bu komandaların son 9 oyununda qonaq komanda qələbə qazana bilməyib.

Turun son matçı cari mövsümdə çempionluğa əsas namizədlər – “Qəbələ” və “Qarabağ” komandaları arasında keçiriləcək. Ağdam klubu hazırda 42 xalla lider olsa da, Qəbələnin eyni adlı təmsilçisi bu gün qalib gələcəyi halda, rəqibi ilə xal hesabını bərabərləşdirəcək və zirvəni ələ keçirəcək. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv Qurban Qurbanovun baş məşqçisi olduğunu komandanı şəxsi görüşlərdəki üstünlüyə görə qabaqlayacaq.

Çünki cari çempionatda "Qəbələ" evdə Filip Ozobiç və Baqali Dabonun qolları ilə qalib gəlib (2:1). "Qarabağ" isə "Azərsun Arena"da 2:1 üstün olub. Filip Ozobiçin hesabı açdığı qarşılaşmada Riçard Almeyda və Dino Ndlovun qolları Ağdam komandasına 3 xal qazandırıb.

Qəbələdəki oyun bu kollektivlərin ölkə çempionatlarında 35-ci dueli olacaq. Əvvəlki 34 görüşün ümumi nəticəsində Ağdam klubu üstündür. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 16 görüşdə qalib gəlibsə, “Qəbələ” 8 matçdan 3 xalla ayrılıb. "Qarabağ" top fərqində də öndədir - 32-46.

Son 3 matçda meydan sahibi komanda 2 qol vurub, qalib gəlib. "Qəbələ” 5 ev oyunudur meydanı qolsuz tərk etməyib.

Azərbaycan Premyer Liqası

XIX tur

19 fevral (bazar)

15:00 “Sumqayıt” – AZAL

Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Asim Xudiyev

“Kapital Bank Arena”

17:30 “Qəbələ” – “Qarabağ”

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Qəbələ şəhər stadionu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar