Azərbaycan nümayəndə heyətinin Çinə səfəri başa çatıb
16.05.2017 686 0.0 0

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Çində keçirilən "Bir kəmər - bir yol" iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumda iştirak edib.
 
Nazirlikdən verilən məlumata görə, nümayəndə heyətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, SOCAR, “Azərbaycan Dəmir Yolları” QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin yüksək vəzifəli şəxslərlə təmsil olunub.
 
Yüksək səviyyəli beynəlxalq forumda 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi, ümumilikdə 1500-dən çox nümayəndə iştirak edib. Qeyd edək ki, Azərbaycan əsas məqsədi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi olan "Bir kəmər - bir yol" təşəbbüsünün “İpək yolu iqtisadi kəməri” inkişaf istiqamətinə daxildir. 2015-ci ilin dekabrında Azərbaycan prezidentinin Çinə rəsmi səfəri çərçivəsində Azərbaycan və Çin hökumətləri arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında” Anlaşma Memorandumu imzalanıb.
 
Azərbaycanda tranzit potensialının reallaşdırılması istiqamətində mühüm işlər görülüb. Belə ki, Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi istifadəyə verilib, kompleksin ikinci mərhələsi üzrə işlər davam etdirilir. Ən müasir texnologiyalara əsaslanan Gəmiqayırma Zavodu tikilmiş və hazırda uğurla fəaliyyət göstərir, iri gəmiçilik inkişaf etdirilir.
 
Bununla yanaşı, çoxsaylı digər infrastruktur layihələri həyata keçirilib, avtomobil və dəmir yolları, beynəlxalq hava limanları tikilmiş və ya yenidən qurulub. Böyük əhəmiyyətinə görə "Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tərəfdaşlarla birlikdə uğurla icra olunur. Bu layihənin reallaşması Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verəcək və Çindən Avropaya daşımalar qısa müddətdə mümkün olacaq. Azərbaycan həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında da aktiv fəaliyyət göstərən ölkələrdəndir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib.
 
“Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forumda açılış mərasimi, yüksək səviyyəli plenar və tematik iclaslar və s. olmaqla bir sıra tədbirlər keçirilib. Azərbaycan nümayəndə heyəti bu tədbirlərdə iştirak edib. "Ticarət bağlılığı" tematik iclasının sonunda birgə bəyannamə imzalanmışdır ki, bu sənəd ticarətin və investisiyaların təşviqi ilə regionboyu ölkələrin birgə əməkdaşlığını nəzərdə tutur.
 
Səfər çərçivəsində Ş.Mustafayev Çinin “Huawei” şirkətinin Mərkəzi Ofisində olub və şirkətin Mərkəzi Asiya və Qafqaz regionu üzrə prezidenti Ceyms Çen ilə görüşüb. İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə nazir Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında mühüm rolunu diqqətə çatdırıb. Qeyd edilib ki, qeyri-neft sektorunun, o cümlədən İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və indiyədək bu sahədə bir  sıra  işlər  görülüb. Azərbaycan İKT  sahəsində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Bu baxımdan korporativ sahədə, rəqəmsal iqtisadiyyat və s. kimi istiqamətlər üzrə "Huawei" şirkəti ilə əməkdaşlıq mümkündür. "Huawei" şirkətinin fəaliyyəti barədə məlumat verən Ceyms Çen İKT sahəsində dünyada tanınmış şirkətlərdən olan "Huawei"nin 170-dən çox ölkədə, o cümlədən 2001-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini, şirkətin Azərbaycanda fəaliyyətini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. Görüşdə Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanı ərazilərində əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsi çərçivəsində “Huawei” şirkəti tərəfindən görülmüş işlərin əhəmiyyəti vurğulanıb.
 
Çinin “China CAMC Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Çen Yu Fanq ilə keçirilmiş görüşdə sənaye sahəsində ixtisaslaşmış şirkət barədə məlumat verilib, əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bildirilib ki, “China CAMC Engineering Co. Ltd.” Çin Milli Maşınqayırma Sənayesi Korporasiyasının (SİNOMACH) ən böyük 3 törəmə şirkətindən biridir, 48 ölkədə 100-dək iri sənaye layihəsi həyata keçirib. Şirkət Azərbaycanla da sənaye sahəsində bir sıra layihələrdə əməkdaşlıq edir. Görüşdə bu layihələrə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
 
Azərbaycan nümayəndə heyətinin üzvləri aidiyyəti qurumlarla görüşlər keçirib.
 
Səfər çərçivəsində Azərbaycanda "SOCAR GPC" layihəsi üzrə SOCAR, Çin Milli Neft Şirkəti (CNPC) və Çin İnkişaf Bankı arasında, eləcə də Azərbaycan və Çin arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində anlaşma memorandumları imzalanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar