Azərbaycan nazirlərinin xaricdəki bahalı mülkləri - ŞOK SİYAHI
10.12.2015 1444 0.0 0

Məlum olduğu kimi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2012-ci ildə Londonun ən nüfuzlu və bahalı rayonunda - Sent-Ceyms məhəlləsində oğlunun adına 8 otaqlı dəbdəbəli mənzil alıb. Bu barədə haqqin.az saytının Avropa bürosuna Londonun rieltor şirkətlərinin birindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin mənzil hazırda Azərbaycanın xüsusi xidmət orqanları sistemində kriminal qruplaşma yaratmaqda ittiham olunan sabiq nazirə nə az, nə çox - düz 30 milyon funt-sterlinqə başa gəlib.

Sent-Ceyms məhəlləsində yaşayış üçün nəzərdə tutulan tikililər çox azdır. Bu rayonda inşaat işləri aparılmır, yeni binalar tikilmir. Ona görə də Sent-Ceymsdə ev və mənzillər çox bahadır. Hətta bütün Böyük Britaniyada ən yüksək sayılır. Burada yaşayış sahələri deyəndə adətən nəhəng qədim ev və malikanələr, bir də bərpa edilərək müasir mənzillərə çevrilən tarixi binalar nəzərdə tutulur.

Sabiq nazirin aldığı mənzilə gəlincə isə o, Eldar Mahmudovun oğlu Anar Mahmudovun adına sənədləşdirilib. Anar Mahmudov hazırda da Londonda yaşayır. Eldar Mahmudov korrupsiya və kriminal yolu ilə əldə etdiyi kapitalın böyük hissəsini Qərbdə məhz oğlunun  şirkəti vasitəsilə leqallaşdırıb.

Xatırladaq ki, ilk dəfə deyil Azərbaycanın məmurlarının ölkədən kənarda dəyəri milyonlarla manatla ölçülən mülkləri tapılır. Qaynar.info belə mülklər barədə araşdırma aparıb. Məlum olub ki:

- İki il öncə o vaxtki kənd təsərrüfatı naziri, hazırda isə baş nazirin müavini olan İsmət Abbasovun Britaniya paytaxtı Londonda 2 milyon dollara mülk aldığı aşkarlandı. Eyni zamanda məlum oldu ki, Abbasovun oğlu bu şəhərdə yaşayır. İddiaya görə, o iş adamıdır. Sabiq nazirin oğlu faktı təsdiqləsə də, mülkün çox əvvəldən - 1991-ci ildə aldığını iddia etdi, amma çox keçmədən onun yalan danışdığı aydınlaşdı.
 
- Cəmil Məlikov adlı Azərbaycan vətəndaşının Praqanın Mərkəzi Parkındakı elit yaşayış kompleksindən Manhetten göydələnlərini xatırladan binada 3,3 milyon krona özünə mənzil aldığı məlumdur. Bu şəxsin kimliyi barədə Çexiyanın daşınmaz əmlak reyestrində məlumat yoxdur. Ancaq Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Agentliyinin rəhbərinin ad və soyadı da Cəmil Məlikovdur. Maraqlıdır ki, adıçəkilən agentlik Cəmil Məlikovun həmin mənzillə əlaqəsini təsdiqləməsə də, təkzib də etməyib. 

- 2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) o vaxtki sədri Səlim Müslümovun İngiltərənin paytaxtı Londondakı məşhur "Milyonçular küçəsi"ndə (Millioner Street) dəyəri milyonlarla manatla ölçülən imarət aldığına dair xəbər yayılıb. Hazırda əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Müslümovla bağlı bu iddia da nə təsdiq, nə də təkzib edilib.

- Çexiyada Milli Məclisin üzvü Cavanşir Paşazadə və onun qardaşı Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin mənzillər kompleksi mövcuddur. Çexiyanın mülkiyyət qediyyatı reyestrinə görə onlar Çexiyanın məşhur kurort bölgəsi Karlovı Varıda yerləşən “Aynur KV”nin sahibidirlər. Haqqında danışılan mənzillər kompleksi məhz bu firmanın adına rəsmiləşdirilib və Karlovı Varının mərkəzində yerləşir. Qeyd edək ki, Cavanşir Paşazadə Çexiyada hər hansı biznesə və sərvətə malik olduğunu inkar edib.

- Bundan başqa, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun Rusiyada, vergilər naziri Fazil Məmmədovun isə Ukraynada mülkünün olduğu deyilir. Əsgərovun Moskvada və Sankt-Peterburqda mənzillərinin, Məmmədovun isə kurort şəhəri olaraq bilinən Truskovetsdə otelinin və şəxsi mülkü olduğu iddia edilir. Həmin iddialarla bağlı da indiyədək heç bir yalanlama gəlməyib. Baxmayaraq ki, bunlar rəsmi şəkildə təsdiq də edilmir./qaynar.info


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar