“Ermənistan müdafiə naziri Seyran Ohanyanın Moskvada təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda çıxışı erməni tərəfinin öncədən hazırlanmış təxribatıdır. Məqsəd beynəlxalq tədbir iştirakçılarının diqqətini münaqişə zonasında baş verənlərə cəlb etməkdir”.
Məlumata görə, bu barədə Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyevin Ermənistan müdafiə nazirinin Moskvada keçirilən beynəlxalq konfransda təxribat xarakterli çıxışına cavabında deyilir.
“Erməni naziri “sülhməramlı” qismində çıxış edərkən, Ermənistan silahlı qüvvələri artıq üç gecədir cəbhə zonasında yaşayan Azərbaycanın dinc əhalisini atəşə tutur. Dinc sakinləri və onların evlərini atəşə tutan erməni tərəfindən fərqli olaraq, Azərbaycan ordusu yalnız düşmənin atəş nöqtələrinə preventiv cavab zərbələri endirir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur./apa/