Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın xarici ölkələrin hərbi attaşeləri üçün keçirdiyi brifinqdə hərbi xəritələr təqdim edərək, guya Azərbaycanın ilk hücuma keçən tərəf olması barədə açıqlamalarına münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, D.Tonoyan hərbi forma geyməsinə baxmayaraq, qeyri-peşəkar və mülki şəxsə xas olan mülahizələri ilə erməni hərbi rəhbərliyinin bu əməliyyatlarda bacarıqsızlığını ört-basdır etməyə, eyni zamanda xarici dövlətlərin nümayəndələrinin fikirlərini yanlış istiqamətə yönəltməyə çalışıb:
“Həmin xəritələr adi işçi xəritələrdir, təlimlərdə də istifadə edilir və orada müəyyən hədəflər, aviasiya vasitələrinin uçuş marşrutları əks olunub. Odur ki, bu, erməni tərəfinin iddia etdiyi kimi, Azərbaycanın döyüş əməliyyatlarına birinci başlamasının heç də sübutu deyil. Biz atəşkəs elan edilməsinə baxmayaraq Ermənistanla müharibə şəraitində yaşayırıq. Bu səbəbdən də hərbi birliklərdə, qoşun növlərində istifadə olunan bütün döyüş sənədləri real vəziyyəti və qarşıya qoyulan tapşırıqları əks etdirir. Hərbi texnika, digər hərbi vasitələr, eləcə də döyüş təminatını yerinə yetirən qüvvələrimizin cəbhəboyu zonada qarşı tərəfdən daha əlverişli, üstün mövqelərdə yerləşdirilməsi, yerdəyişməsi və tətbiqi hərbi maraqlarımıza xidmət edir və qoşunlarımızın düşmən üzərində qələbəsini təmin etmək məqsədini daşıyır. Bildiririk ki, Azərbaycan tərəfində də düşmənə məxsus kifayət qədər məxfi xəritələr, döyüş sənədləri və digər sənədlər var. Onların əhəmiyyətini, vacibliyini nəzərə almaqla araşdırılması, işlənilməsi və təhlilinin aparılması müvafiq xidmətlər tərəfindən icra edilir”./apa/