Azərbaycan məktəblərində analoqu olmayan pul yığımı
14.06.2016 707 0.0 0

Şəmkirdə məktəb müəllimlərindən pul yığılır. Məlumata görə, bütün Şəmkir məktəblərində işləyən müəllimlərdən 150-180 manat civarında pul tələb olunur.

Adı çəkilən rayonun məktəblərindən birində çalışan müəllimə Şükufə Allahyarova (ad şərtidir) deyir ki, bu gün məktəb direktoru onlara bildirib ki, maaşlarından rəsmi 30-50 manat tutulacaq, əlavə isə özləri məktəbə nağd olaraq 100 manat verməlidirlər. Səbəbini soruşan müəllimlərə direktor bildirib ki, 2014-cü ildə onlara artıq maaş vurulub, indi həmin pulu büdcəyə qaytarmaq lazımdır. 

 
Faktı Şəmkir rayon təhsil şöbəsindən də təsdiqlədilər. Şöbənin baş mühasibi Arzu Əmiraslanov bildirdi ki, belə bir hal var, amma müəllimlərdən 150-180 manat deyil, cəmi 30-50 manat pul istənilib.

"Müəllimlərə deyilib ki, ya özləri bu məbləği versinlər, ya da maaşlarından tutulacaq. Buna səbəb 2014-cü ildə müəllimlərin məzuniyyətinin orucluq ayına düşməsi ilə bağlıdır. Yəni məzuniyyət bayrama düşdüyündən prezidentin sərəncamı ilə onlara daha iki gün ödənişsiz məzuniyyət verilməliydi. Biz isə onlara iki günün yerinə əmək haqqı ödəmişik və indi onu geri qaytarırıq", - deyə Arzu Əmiraslanov bildirdi.

2014-cü ildə baş verən hadisənin indi araşdırılması barəsində də məlumat verən baş mühasib qeyd etdi ki, bu haqda, əslində onların ötən il də xəbərləri olub: "Biz bunu 2015-ci ildə bilmişdik, amma məsələni dayandırdıq. İndi isə nəzarətçilər məsləni bir daha araşdırıblar və deyirlər ki, büdcə bərpa olunmalıdır".

Müəllimlərin şikayətləri ilə bağlı ANS PRESS-in müraciətinə Təhsil Nazirliyindən məsələdən xəbərsiz olduqlarını bildiriblər. Nazirlikdən məsələni araşdıracaqlarını və yaxın vaxtlarda məlumat verəcəklərini bildirdilər. 

Yəni məsələ qaranlıq olaraq qalır. Əslində, bu məsələdə qaranlıq məqamlar çoxdur. Necə olur ki, 2014-cü ildə müəllimlərə artıq maaş vurulması indi ortaya çıxır? Əgər həmin pullar tutulacaqsa, gözünü onsuz da az olan maaşa dikmiş minə yaxın müəllim ailəsinin dolanışığı necə olacaq? Yəqin ki, Təhsil Nazirliyi bu sualları cavablanıracaq.  /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar