Azərbaycan indiyədək TANAP-a 3,56 mlrd. dollar yatırıb
03.04.2018 852 0.0 0

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi üçün indiyədək “Cənub Qaz Dəhlizi” QSC tərəfindən 3,56 mlrd. ABŞ dolları məbləğində vəsait yönəldilib.

Qazeta.info bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq QSC-dən bildirilib.

Məlumata görə, bu il fevralın sonunadək ümumilikdə tərəfdaşlarla birgə TANAP-a sərf olunan vəsaitin məbləği isə 5,3 mlrd. dollar təşkil edib. TANAP-ın ümumi dəyəri 8 mlrd. dollardır.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. Bu kəmərlə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin II mərhələsi çərçivəsində hasil olunan qazın nəqli nəzərdə tutulur. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin, təxminən, 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. TANAP-ın Əskişəhərə qədər hissəsinin bu ilin ortalarında istifadəyə verilməsi gözlənilir.

Layihədə Azərbaycan 58%, BOTAŞ 30%, BP 12% paya malikdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar