Qazeta.info Dövlət Statistika Komitəsinə istinadla bildirir ki , 2015-ci ilin yanvar-mart aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,8 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılmışdır.
Satılmış istehlak mallarının 50,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8 faizini qeyri-ərzaq malları təşkil etmiş və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz bəndi artmışdır.
Cari ilin ilk üç ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-mart aylarına nisbətən 1,7 dəfə artaraq 2720,0 min manat təşkil etmişdir. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən almışdır. Elektron ticarət dövriyyəsinin 96,3 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
2015-ci ilin yanvar-mart aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 219,9 milyon manat olmuşdur. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 93,6 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 126,3 milyon manat təşkil etmişdir.