İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri davam edir.
Qazeta.info Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, yarışın üçüncü günündə - fevralın 26-da qadınlardan ibarət millimizin 4 üzvü mübarizəyə qoşulub.
Təmsilçimiz Türkan Nəsirova (50 kq) ilk mərhələdə tunisli Sara Hamdiyə uduzub - 0:6. Tatyana Varansova (53 kq) səkkizdəbir finalda qazaxıstanlı Jıldız Yeşimovaya yenilib - 1:3.
Turnirdə 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik ilk görüşdə moldovalı son Avropa çempionu Anastasiya Nikitaya məğlub olub - 0:2. Ancaq rəqibin finala yüksəlməsi A.Kolesnik üçün bürünc medal qazanmaq şansı yaradıb. Təmsilçimiz həlledici görüşdə rumıniyalı Katerina Jidaçevskaya ilə qarşılaşıb və rəqibinə 8:2 hesabıyla qalib gələrək üçüncü yeri tutub.
Elis Manolova (65 kq) startda türkiyəli Gülsüm Bingölə heç bir şans tanımayıb (11:0) və dörddəbir finala yüksəlib. Təmsilçimiz rusiyalı Mariya Kuznetsovayla gərgin idman mübarizəsi şəraitində keçən görüşdən də qalib (6:5) ayrılaraq adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında son dünya çempionatının bürünc medalçısı Forrest Molinariyə (ABŞ) uduzan E.Manolova bürünc medal uğrunda görüşdə ABŞ-ın digər təmsilçisi Emma Bruntilə 2:3 hesabı ilə məğlub olaraq beşinci yerlə kifayətlənib.