Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.
Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariya Stadnikin ilk rəqibi Patrisia Bermudes olub. Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanan Stadnik argentinalıya heç bir şans verməyib. İlk hissədə rəqibindən 10 xal alan təmsilçimiz döyüşü vaxtından əvvəl xeyrinə bitirib.
O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.
Finala gedən yolda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşıb. O, rəqibinə heç bir şans verməyib. Görüş başlayan kimi ardıcıl xallarla hesabı 6:0 edən təmsilçimiz daha sonra isə rəqibinin kürəyini xalçaya vuraraq ilk perioddaca təmiz qələbə qazanıb.
Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Təmsilçimiz Tosakaya 2:3 hesabı ilə məğlub olaraq Olimpiya oyunlarının gümüş medalını qazanıb.