Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, çempionatın ikinci günü Azərbaycan güləşçiləri üçün bir medalla nəticələnib. Qadınlar arasında 60 kq-da mübarizə aparan Yuliya Ratkeviç bürünc medal qazanıb.
Dünya və Avropa çempionumuz Yuliya Ratkeviç ilk mərhələni azarkeş kimi izləyib. O, 1/4 finalda bolqarıstanlı Canan Manolova ilə gücünü yoxlayıb. Qarşılaşma təmsilçimizin üstünlüyü ilə keçib. 8:2 hesabı ilə qələbə qazanan Ratkeviç yarımfinala vəsiqə qazanıb. Lakin Yuliya növbəti görüşdə Oksana Herhelə (Ukrayna) uduzaraq, çempionluq şansını itirib. O, bürünc medal uğrunda döyüşdə norveçli Şarlotta Skauenla qüvvəsini sınayıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz təmiz qələbə qazanaraq çempionatı bürünc medalla tamamlayıb.
Qeyd edək ki, yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik (48 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş medala sahib olub.