Böyük Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşları üçün təhlükəli ölkələrin olduğu siyahını dərc edib. Siyahıda Azərbaycanın da adı var.
“The İndependent” qəzetinə istinadla verilən məlumata görə, Britaniya XİN-nin siyahısında 45 ölkənin adı var.
Təhlükəli ölkələrin siyahısına Əfqanıstan, Burundi, Mərkəzi Afrika Respublikası, Tunis, Çad, İraq, Qvineya, Yəmən və digərləri daxil edilib. Siyahıda ən təhlükəli ölkə isə hazırda vətəndaş müharibəsinin davam etdiyi dövlət Suriya hesab olunur.
XİN bu siyahının hazırlanmasına səbəb kimi həmin ölkələrdə vətəndaşları üçün potensial təhlükənin mövcud olmasını göstərib.
Britaniya vətəndaşları üçün təhlükəli hesab olunan ölkələrin çoxu hazırda döyüş əməliyyatları gedən ölkələrdir.
Britaniya XİN-in ekspertləri tövsiyə edirlər ki, bu ölkənin vətəndaşları zərurət olmasa, Çeçenistanla sərhəd ölkələrə - Gürcüstan və Azərbaycana, habelə Ukraynanın şərq regionlarına getməsinlər.
Azərbaycan Xarici İşlər Nazirliyi isə təhlükəli ölkələr sırasında Azərbaycanın adının olmasını şərh etmək istəmədi. Naziliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında “Nazirlik bu məsələni şərh etməyəcək”-deyə bildirdi.
Ümumilikdə isə Böyük Britaniya höküməti son vaxtlar öz vətəndaşlarının təhlükəsizliyi ilə bağlı müəyyən addımlar atıb. Britaniya “Airbus-321” sərnişin təyyarəsinin Misirin Sinay yarımadası üzərində qəzaya uğramasından sonra vətəndaşlarının xarici səfərləri ilə bağlı təhlükəsizlik tədbirlərini artırıb.
Sinay yarımadası - təyyarənin qəzaya uğradığı yer
Çünki Böyük Britaniyanın kəşfiyyat orqanı Rusiya təyyarəsinin İŞİD terror qruplaşması tərəfindən vurulduğunu bildirib. Göyərtəsində 224 nəfərin olduğu sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində hava gəmisində olan sərnişinlərin hamısı ölüb.
Rusiya təyyarəsinin qalıqları./anspress/