"Azərbaycan artıq dolma ilə bağlı faylları UNESCO-ya təqdim edib və bu faylların ölkəmizin xeyrinə qəbul edəcəyinə inanırıq". Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə məlumat verib. Onun sözlərinə görə, dolmanın Azərbaycan və türk dünyasının mətbəxinə aid olması faktlarına UNESCO tərəfindən gələn ilin payız aylarında baxılmalıdır.
"Bilirsiniz ki, UNESCO-nun qeyri-mədəni irs üzrə konvensiyasına uyğun olaraq hər bir ölkə öz fayllarını UNESCO-ya verə bilir. Biz dolma ilə bağlı faylları ilk dəfədir ki, bu quruma təqdim etmişik. Bundan başqa, çalışırıq ki, tək Azərbaycanda deyil, dolması olan bir çox ölkələrlə bu mövzuda müzakirələr aparaq. Ümumi fikir isə budur ki, dolmanı UNESCO tərəfindən dünya qeyri-maddi irsi siyahısına daxil etmək istəyirik".
Lakin bu, elə də asan proses olmayacaq. Bunu nazirliyin rəsmisi də etiraf edir. Vasif Eyvazzadə qarşıda bir çox problemlərlə də qarşılaşacalarını bilir.
Yarpaq dolması
Ermənilərin tək dolmaya yox, bir çox mədəni irs elementlərinə iddialarını, oğurluq cəhdlərini nəzərə alsaq, bu dəfə də onların təxribatları gözləniləndir. "Azərbaycan UNESCO-ya nə isə təqdim edəndə onlar öz təxribatçı fikirlərini səsləndirirlər. Onlar hər bir şeyi erməniləşdirməyə, milliləşdirməyə çalışırlar. Amma Azərbaycan tərəfi hər zaman ümumbəşəri, konstruktiv mövqe tutur".
Həmsöhbətimin fikrincə, mədəni irsi milliləşdirməkdən daha çox onun müxtəlif xalqlar və mədəniyyətlər arasında birləşdirici roluna önəm vermək lazımdır ki, bu da, konvensiyanın əsas prioritetidir. Vasif Eyvazzadənin sözlərinə görə, Azərbaycan da mənbədən çıxış edərək öz mövqeyini ortaya qoyur və hər dəfə də ölkəmizin təqdim etdiyi fayl UNESCO tərəfindən yüksək qiymətləndirir.
Vasif Eyvazzadə - Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri
Ermənistanın mədəniyyət naziri Asmik Poqosyan Azərbaycan tərəfinin dolma ilə bağlı UNESCO-ya fayl təqdim etməyini təəccüblə qarşılayıb. Oğurluğa adət etmiş ermənilərin naziri iddia edir ki, "tolma" - "toli" sözündəndir, mənası isə üzüm yarpağı deməkdir. "Dolma hazırlamaq üçün lazım olan farş üzüm yarpağına qoyulub, bükülür və bişirilir. Hətta aşpaz Vilyam Paxlebnik də öz kitabında bu yeməyi erməni xalqının milli yeməyi kimi təqdim edib. Sadəcə uzun illər Ermənistan Türkiyə və İran arasında bölüşdürülmə mövqeyində qalıb, ona görə də hamı bu yeməyi türk mətbəxinin yeməyi bilir".
Asmik Poqosyan - Ermənistanın mədəniyyət naziri
Bu, təəssüf ki, ermənilərin Azərbaycanın mətbəxinə, musiqisinə, rəqsinə göz dikmələri və onları özününküləşdirmələri ilə bağlı ilk hal deyil. Bundan əvvəl də onlar dəfələrlə ölkəmizin mədəni irsinə aid olanları öz adlarında təqdim edib, Azərbaycana qarşı dəfələrlə təxribata cəhd ediblər.
Bu hal son dəfə lavaşla bağlı olub. UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına ermənilərin adına çıxarılan lavaş qərarında dəyişiklik edilib. Azərbaycanın etirazından sonra siyahıda erməni lavaşı ifadəsi bir sutka belə qalmadan dəyişdirilib. Beləliklə, artıq siyahıda lavaş erməni mətbəxinə xas bir qida növü olaraq qeyd edilmir.
Bu il isə Azərbaycanın UNESCO nümayəndəliyi gələn il lavaş çörəyinin bütün bölgənin mədəniyyət mirası olaraq siyahıya daxil edilməsini istəyəcək.
Ötən ilin 30 noyabrından 4 dekabr tarixinədək davam edən sessiyada Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı qeyri-mədəni irs üzrə reprezentativ fayla daxil edilməyib. Fayl Ermənistana geri qaytarılıb.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi az kimi, xalqımıza, mədəniyyətimizə xas olan hər şeyi də mənimsəmək niyyətlərindən əl çəkmirlər. Bunun daha bir təzahürünü isə bütün dünya bir neçə gün öncə baş tutan "Eurovision-2016" mahnı müsabiqəsində gördü. Ermənistan təmsilçisi İveta Mukuçyanın tanıtım çarxında Qarabağ atı çapır, sonra isə guya Ermənistanın milli mətbəx nümunəsi olan lavaş bişirən erməni qızına çevrilir.
Görünür, bu, torpaqlarımızın işğalı ilə kifayətlənməyən ermənilərin milli mədəni sərvətlərimizə göz dikməsi ilə bağlı son hal olmayacaq. Hər halda bunun qarşısını almaq üçün gec olmadan torpaqların işğaldan azad edilməsi üçün apardığımız mübarizəni bütün beynəlxalq təşkilatlarda da davam etdirməliyik. /anspress/