“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının komanda yarışında həlledici döyüşdə Əlcəzair idmançılarını məğlub edən Azərbaycan cüdoçuları yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar.
Qazeta.info xəbər verir ki, kişi cüdoçulardan ibarət Azərbaycan komandası bu uğurla xanım tatami ustalarının finalda Türkiyə idmançılarına məğlub olmasını arxa plana keçirdi.
Medal kolleksiyasına daha 1 qızıl medal əlavə etməklə Azərbaycan cüdoçuları İslam Həmrəyliyi Oyunlarında dominant mövqe tutduqlarını bir daha təsdiq etdi, həmçinin Xəzər dənizinin sahilində pərəstişkarlarına daha bir unudulmaz gün yaşatdılar.
Fərdi cüdo yarışlarında 4 qızıl və 1 gümüş medal qazanmış Azərbaycan tatami ustaları zəfər yürüşünü komanda mübarizəsində də davam etdirmək niyyətində idi və onlar ümidləri doğrultdular.
Qırğızıstan, Türkiyə və Özbəkistan üzərində qələbə çalan təşkilatçı ölkənin təmsilçiləri finalda Əlcəzair cüdoçuları üz-üzə gəldilər. Elxan Məmmədov (100 kq, qızıl), Məmmədəli Mehdiyev (90 kq, qızıl), Orxan Səfərov (60 kq, qızıl), Nicat Şıxəlizadə (66 kq, qızıl), Rüstəm Orucov (73 kq, gümüş), Rüfət İsmayılov və Uşangi Kokauri kimi güclü idmançılardan ibarət Azərbaycan komandası rəqibi 3:2 hesabı ilə məğlubiyyətə uğratdı.
Əlcəzairin də bəzi idmançıları fərdi cüdo yarışlarında mükafatçılar sırasına düşüblər: Abderrahmane Benamadi (90 kq, gümüş), Nacib Temmar (+100 kq, gümüş), Houz Zurdani (66 kq, gümüş), Lies Buyakoub (100 kq, bürünc), Ussama Ceddi (73 kq, bürünc).
Cüdoçuların komanda yarışında bürünc medalları Türkiyə və Özbəkistan kollektivləri aktivlərinə yazdılar.
Qadın cüdoçuların komanda mübarizəsinə gəlincə, finalda Azərbaycan tatami ustalarına 5:0 hesabı ilə qalib gələn Türkiyə idmançıları qızıl medala sahib oldular. Bu nailiyyəti onlar Şükran Bakacaq (70 kq, gümüş), Çağrı Güzelsoy (78 kq, gümüş), Büşra Katipoğlu (63 kq, qızıl), İrem Korkmaz (52 kq, qızıl), Nazlıcan Ozerler (57 kq, bürünc) və Kayra Sayitın (+78 kq, qızıl) sayəsində əldə etdilər.
Fərdi yarışlarda üç gümüş medal qazanmış Nəzakət Əzizova (52 kq), eləcə də Xanım Hüseynova (63 kq) və İrina Kindzerskanın (+78 kq) da daxil olduğu Azərbaycan komandası gümüş medalla mükafatlandırıldı. Bürünc medalı isə aktivinə Özbəkistan cüdoçuları yazdılar.
Azərbaycan cüdo yarışlarını, 11-i qızıl olmaqla, ümumilikdə 26 medalla yekunlaşdırdı. Türkiyə tatami ustaları isə, 4-ü qızıl olmaqla, cəmi 14 medal qazandılar. 3-cü yeri isə, üçü ən yüksək əyarlı olmaqla, ümumilikdə 10 medal əldə edən Özbəkistan cüdoçuları tutdular.