Son günlər bəzi bankların vəziyyəti ilə bağlı heç də xoş olmayan xəbərlər yayılıb. Hətta bu banklardan birinin müflis olma ehtimalları da var. Ümumilikdə Azərbaycanda hazırda bank sektorunun heç də yaxşı günlər keçirmədiyi sirr deyil. Bu, bankların beynəlxalq nüfuzuna da mənfi təsir edib, maliyyə təşkilatlarının reytinqi düşüb.
ANS TV-nin məlumatına görə, “Moody”s agentliyi Azərbaycanın bank sektoru ilə bağlı bədbin proqnozla çıxış edib. Qurumun yaydığı məlumatda deyilir ki, ölkənin bank sistemində hadisələrin mənfi gedişatının davam edəcəyi gözlənir. Buna görə “Moody”s Azərbaycanın bank sisteminin reytinqini stabildən neqativə endirib.
Analitiklər qeyd edir ki, neftin qiymətinin enməsi Azərbaycan iqtisadiyyatına təzyiq göstərib ki, bu da bankların vəziyyətinə təsir edib.
Manatın devalvasiyası da bank aktivlərinin keyfiyyətini pisləşdirə bilər. Çünki, insanların manata inamının itməsi ya əmanətlərini xarici valyutaya çevirməsinə, ya da bankdan ümumiyyətlə çıxarmasına səbəb olub.
Mütəxəssislər bildirirlər ki, bankların beynəlxalq reytinqinin aşağı salınması onların vəziyyətini daha da pisləşdirə bilər.
Çünki xaricdən, beynəlxalq təşkilatlardan kredit götürərkən məhz onların beynəlxalq reytinqi nəzərə alınır.
Buna görə də mənfi reytinqli kommersiya təşkilatları vəsait cəlb etməkdə çətinlik çəkəcək./anspress/