Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyasının (ABA) yeni rəhbəri seçilib. Bu barədə ABA-dan məlumat verilib.
Z.Nuriyev bu postda “Qafqaz İnkişaf Bankı”nın Müşahidə Şurasının sədri Eldar İsmayılovu əvəzləyəcək.
Nuriyev Zakir Əlibala oğlu oktyabrın 2-i 1960-cı il Kürdəmir rayonunun Cəyli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu fakultəsinə daxil olub və 1981-ci ildə “İqtisadçı” ixtisası üzrə tam kursu bitirib.
Zakir Nuriyev
Əmək fəaliyyətinə 1981-ci ildən Azərbaycan Respublikası Rabitə Nazirliyində, Nəzarət-Təftiş İdarəsində aparıcı mühasib kimi başlayıb.
1981-1983-cü illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra 1983-cü ilin iyul ayından etibarən 1989-cu ilin yanvar ayınadək Azərbaycan Respublikası Rabitə Nazirliyinin Nəzarət-Təftiş İdarəsində mühasib-revizor, baş təftişçi və baş mühasibin müavini kimi fəaliyyət göstərib. 1989-cu ildən AR Rabitə Nazirliyinin "Rayon Rabitəsi" İstehsalat Birliyinə Nəzarət və mühasibat uçotu şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1993-1998-ci illərdə “Rabitəbank” SKB-nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb və 1998-ci ildən indiyədək “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.
1996-cı ildə Azərbaycan Banklar Assosiasiyasının prezidenti vəzifəsinə seçilib və 2006-cı ilə qədər həmin vəzifədə çalışıb. 2006-cı ildən indiyədək Assosiasiyanın Rəyasət Heyətinin üzvüdür.
Evlidir, 3 övladı var./anspress/