Avropa Olimpiya Komitəsinin prezidenti (AOK) Patrik Hikki, bu gün - ilk Avropa Oyunlarının son günündə keçirilən tədbirdə Avropa Oyunlarının Bayrağını Azərbaycanın gənclər və idman naziri və Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, P. Hikki bildirib ki, Bakı 30 aydan bir az çox müddətdə Avropa Oyunlarının himayədarı olub: "Bu gün AOK Oyunları daha güclü və bizim bu mərhələdə təsəvvür edə biləcəyimizdən daha böyük potensialla geri təhvil alır. Bakı 2015-in verdiyi ən böyük töhfələrdən biri bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının gələcəyinin təməlini qoyması oldu. Bu möhtəşəm uğurun ilkin mərhələsindən sonra, bu yarışların gələcəyi təmin olunub".
Mərasimdə çıxış edən A. Rəhimov qeyd edib ki, P. Hikkiyə xüsusi təqdimat qutusunda Avropa Oyunlarının bayrağını təqdim edir: "Onun içərisində növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin xatirə nişanı, habelə Avropa Oyunlarının növbəti 100 ili üçün kifayət qədər rəmzi səciyyə daşıyan nişanlar var".
Mərasimdə, AOK İcraiyyə Komitəsi, AOK Bakı 2015 Avropa Oyunları Əlaqələndirmə Komissiyasının üzvləri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin direktorları, o cümlədən, Oyunların uğurlu olmasında böyük rol oynamış 12500 Alovqoruyan könüllülərin təmsilçiləri iştirak ediblər./apa/