Azərbaycan istehsalı olan almaların İrəvan bazarında satışa çıxarılması Ermənistanda ciddi müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, əsas müzakirə mövzusu bu almanların Ermənistana necə aparılması və hakimiyyət orqanlarının buna göz yummasıdır.
Erməni jurnalist Tavos Artakyan Azərbaycan alması ətrafında yaranmış ajiotajı araşdırıb.
Jurnalist yazır ki, İrəvan sakinləri bazardan Azərbaycan almalarını rahat şəkildə alırdılar: “Onlar bu almanların Azərbaycan istehsalı olduğunu bilsələr də, yenə də ona üstünlük verirdilər. Bazarlardakı satıcılar deyirlər ki, alıcıların çoxu bu almalara xüsusi üstünlük verirmiş. Hətta hakimiyyət orqanları bu almaları toplayıb məhv edəndən sonra da, bir çox alıcı bazarda Azərbaycan almasını axtarıb. Bu, ermənilərin vətənpərvər hissləri bir kənara qoyduqlarının göstəricisidir. Lakin burada əsas məsələ bu almaların necə gəlməsi və gömrük xidmətinin buna bilərəkdən göz yummasıdır”.
Erməni jurnalist qeyd edir ki, Azərbaycan almaları Rusiyadan Ermənistana gətirilib.
“Onu gətirənlər arasında rus sahibkarları da var, erməni sahibkarlar da. Məlumatlar var ki, gömrük işçiləri rüşvət alaraq, bu məhsulların idxalına icazə veriblər. Deməli, bu almaları ölkəyə gətirən əsas qüvvə elə hakimiyyətin özüdür”, - deyə o bildirib.
Lakin jurnalist bazarlarda aşkarlanan Azərbaycan almalarının kütləvi sürətdə məhv edilməsinə qarşı çıxıb: “Ermənistanda uşaqlar var ki, onlar ömürləri boyu nadir hallarda alma yeyirlər. Çünki valideynlərinin bunu almağa imkanı yoxdur. Misal üçün, Gümrüdə yarımtikililərdə yaşayan ailələrin uşaqlarının böyük ehtiyacı var. Bəs nə üçün bu almalar ehtiyacı olanlara verilmədi? Halbuki, onların sayı on minlərlə, bəlkə də daha çoxdur”.
***
17:27
Şirkətin direktoru Rasim Pirimov Publika.az-a açıqlamasında məhsullarının Ermənistan bazarında satılmasına bu cür əsaslandırdı:
“Bu xəbər barədə məlumatım var. Bizim məhsullar Gürcüstana idxal edilir. Ola bilər ki, Ermənistana da məhsul oradan idxal edilib”.
***
14:28
Ermənistan bazarlarında Azərbaycan almaları satışa çıxarılıb.
Publika.az xəbər verir ki, Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti İrəvan bazarlarında yoxlama keçiriblər.
Yoxlamaq nəticəsində məlum olub ki, Azərbaycan məhsulu olan “DAD” almaları İrəvanın bazarlarında satışa çıxarılıb.
Bu almaların “Erməni bazarı N-1” bazasında bazarlara paylanıldığı deyilir.
Azərbaycan məhsullarının Ermənistana necə gedib çıxması ilə dəqiq bilinmir.
Qeyd edək ki, “DAD” şirkəti Quba rayonunda meyvələrin yetirişdirilməsi və xarici ölkələrə ixracı ilə məşğuldur. Xüsusilə məhsullar Rusiya bazarlarına göndərilir. Ehtimal olunur ki, almalar Ermənistana məhz Rusiya bazarlarından aparılıb.