Azərbaycan alimi yeni vaksin əldə etdi
11.10.2017 973 0.0 0

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ilk dəfə olaraq molekulyar bio texnologiyadan istifadə etməklə bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub.

Məlumata görə, bunu AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov “Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye fermentlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya” mövzusunda elmi məruzə ilə çıxışı zamanı deyib .

T.Məmmədov bildirib ki, vaksinlərin, sənaye və insan fermentlərinin, təbii qida əlavələrinin DNT əsaslı texnologiyalar vasitəsilə yaradılması və istehsalının təşkili müasir dövrün ən mühüm problemlərindəndir.

Onun sözlərinə görə, hazırda tibb və sənaye əhəmiyyətli rekombinant zülalların istehsalı bir neçə ekspressiya sistemləri – bakteriya, maya göbələyi, həşərat, məməli heyvanlar və s. vasitəsilə həyata keçirilir. Alim bildirib ki, son illər bitki ekspressiya sistemləri iqtisadi və təhlükəsizlik baxımından ən perspektivli olduğu üçün istehsalda daha çox istifadə edilir. Məruzəçi onu da əlavə edib ki, müəyyən hallarda sistem belə tipli zülalların istehsalına uyğun olmadıqda problemin aradan qaldırılması üçün yeni hazırlanmış molekulyar biotexnologiyadan istifadə zərurəti yaranırdı. T.Məmmədov bu məqsədlə daha mükəmməl texnologiyanın hazırlandığını diqqətə çatdırıb.Qeyd edib ki, ilk dəfə olaraq bu texnologiyadan istifadə etməklə malyariyaya qarşı bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub.

Məruzəçi alınan nəticələrin patentləşdirildiyini və nüfuzlu jurnalda çap olunduğunu deyib. Həmçinin vurğulayıb ki, bu texnologiya müxtəlif rekombinant və terapevtik zülalların, vaksinlərin, təbii qida əlavələrinin, eləcə də sənaye enzimlərinin sintezi üçün də geniş imkanlar yaradır. Professor rekombinant zülalların ölkə daxilində istehsal olunub satışa çıxarılmasının böyük iqtisadi səmərə verəcəyini də deyib. Onu da əlavə edib ki, insan və heyvanlar üçün qiymətli dərman preparatlarının bu yolla ölkə daxilində istehsalı Azərbaycanın bu məhsulların idxalından asılılığının azalmasına imkan yaradacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar