Azərbaycan ABŞ-a cavab verdi
17.04.2015 702 0.0 0

"ABŞ Dövlət Departamentinin Rəsul Cəfərovla bağlı açıqlaması yalnız təəccüb doğurur". Məlumata görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin aprelin 16-da Azərbaycan ilə əlaqədar verdiyi açıqlamaya münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanda qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub: "Azərbaycanda heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərinə Azərbaycan tam şəkildə əməl edir. Rəsul Cəfərov vergidən yayınma, mənimsəmə və digər qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub və onun bu əməlləri məhkəmə qaydasında sübuta yetirilib. Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir".

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin qanunun aliliyindən kənar bu açıqlaması Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi daşıyır: "Beynəlxalq öhdəlikərin yerinə yetirilməsinə çağırış edən ABŞ ilk növbədə beynəlxalq hüququn norma və prinsipləri, BMT nizamnaməsi və Helsinki Yekun Aktına zidd şəkildə Azərbaycanın ərazilərini işğal edən Ermənistandan öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini və işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını tələb etməlidir. İşğal və təcavüz siyasətinin davamı kimi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yenə də təxribatçı hərbi təlimlər keçirilir və ABŞ tərəfindən heç bir münasibət bildirilmir.

İnsan hüquqlarının müdafiəsi altında fərdi cinayət hallarına belə maraq göstərən ABŞ-ın Ermənistanın təcavüz və işğalı nəticəsində fundamental hüquq və azadlıqlarından məhrum olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin də hüquqlarının bərpasına lazımı diqqət ayırması daha təqdirəlayiq olardı"./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar