Qazeta.info statistika komitəsinə istinadla bildirir ki, 2015-ci ilin yanvar ayında Azərbaycan Respublikasının rezidentləri dünyanın 99 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 55 ölkəyə əmtəə ixrac olunmuş, 91 ölkədən idxal olunmuşdur. Xarici ticarət əlaqələri iştirakçılarının 40-ı Avropa, 12-si Amerika, 32-si Asiya ölkələri və digərləridir.
Ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 1959,4 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 1385,2 milyon dollar, idxalın həcmi 574,2 milyon dollar təşkil etmiş, nəticədə 811,0 milyon dollarlıq müsbət saldo yaranmışdır.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir.
Yanvar ayında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 16,0 faiz artaraq 124,2 milyon dollar təşkil etmişdir.