Ayaz Mütəllibov Azərbaycan və erməni xalqlarını barışığa çağırdı
19.12.2016 1749 0.0 0

Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barədə fikirlərini müsbət qiymətləndirirəm. 

Qazeta.info bildirir ki, bunu Ölkə.az-a açıqlamasında müstəqil Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov bildirib.

A.Mütəllibov deyib ki, illər keçdikcə Levon Ter-Petrosyanın bu fikirləri Azərbaycan Prezidentinin tutduğu mövqeyin və apardığı siyasətin nə qədər doğru olduğunu ortaya qoyur:

“Bu gün Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı mövqeyi və siyasəti dəyişməz olaraq qalıb və inkişaf etməkdədir. Baxmayaraq ki, ölkəmizdə müəyyən problemlər hələ də qalır, ancaq ötən 25 il ərzində Azərbaycan ilə Ermənistanın inkişafını müqayisə etmək qeyri-mümkündür. Əslində Levon Ter-Petrosyan da Ermənistan cəmiyyətini bunu çatdırmağa çalışır. Çünki Ermənistan əhalisinin vəziyyəti ildən-ilə daha da ağırlaşır, ölkənin iqtisadi problemləri dərinləşir. Ona görə də zaman ötdükcə Levon Ter-Petrosyanın tərəfdarlarının sayı daha da artacaq. Levon Ter-Petrosyanın 1998-ci ildə söylədiyi fikirləri isə artıq özünün doğruldur”.

A.Mütəllibov Ermənistan rəhbərliyini Levon Ter-Petrosyanın fikirlərinə ciddi yanaşmağa çağırıb:

“Mən çox istərdim ki, Azərbaycan və Ermənistan rəhbərləri bir araya gəlib, bu münaqişənin tezliklə həllinə nail olsunlar. Çünki zaman ötdükcə, Ermənistan xalqı daha da uduzacaq. Son illər məndə belə təsəvvür yaranıb ki, ötən 25 ildə Ermənistan tərəfi nə isə qazanmayıb, əksinə uduzan tərəf olub. Ermənistanın işğal etdiyi torpaqlar ona məxsus deyil, orada yaşayan ermənilər sabah vəziyyətin necə olacağını bilmirlər. Bunun üçün də artıq Azərbaycan və Ermənistan xalqları barışıb, onları toqquşduran qüvvələrin hərəkətləri barədə düşünməlidirlər. Çünki zaman-zaman iki xalqı toqquşduran qüvvələr çox olub. Bu gün yaranan vəziyyət də onu tələb edir ki, artıq iki xalq barışmalıdır. Zaman da bunu tələb edir. Axı bu münaqişə nəticəsində nə qədər insan həlak olmalıdır? Zənnimcə, Ermənistan hakimiyyəti bunu daha ciddi düşünməlidir”.

Xatırladaq ki, Levon Ter-Petrosyan partiyanın qurultayında çıxışı zamanı Ermənistan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisə gəlməyə çağırıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar