Azərbaycanda manatın 50%-ə qədər ucuzlaşması bir çox sahələrdə qiymət artımını səbəb olub. Artıq marketlər qiymətlərin kəskin bahalaşmasından “alışıb-yanır”.
Cəmiyyətdə isə belə fikirlər dolaşır ki, manatın devalvasiyaya uğraması sosial vəziyyətin bir az da kəskinləşməsinə səbəb ola bilər.
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov açıqlamasında manatın ucuzlaşmasına münasibət bildirib. Onun sözlərinə görə bu məsələlər tezliklə yoluna qoyulacaq.
“Dolların məzənnəsinin qalxması, manatın 50% ucuzlaşması nəticəsində ərzaq mallarının qiyməti qalxıb. Amma, iqtisadi sahədə yaranan vəziyyət ciddi çətinlik yaratmayacaq. Çünki bu məsələlər dövlət rəhbəri tərəfindən yoluna qoyulacaq. Buna inanıram. Çünki buna zəmin yaradılıb”.
Ayaz Mütəllibov manatın devalvasiyaya uğramasının 1994-cü ildəki kimi ciddi fəsadlar verməyəcəyi qənaətindədir.
“Artıq Azərbaycan müstəqil dövlətdir. Digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurlu addımlar atılıb. Artıq Azərbaycan keçid dövrünü başa vurub.
1994-cü ildə də Azərbaycanda manat devalvasiyaya uğramışdı. O zamanlar müvəqqəti çətinliklər mövcud idi. Çünki Azərbaycan müstəqilliyini yeni əldə etmişdi. İndi isə Azərbaycan 25 ildir ki, müstəqil dövlətdir.
Bu dəfə manatın ucuzlaşması ölkədə 1994-cü ildəki kimi olmayacaq. Hətta, 1994-cü ilə nisbətən çörək növbəsi də olmamalıdır. Çünki bu illər ərzində iqtisadi potensialımız çox inkişaf edib. Buna arxalanaraq böhrandan çıxmaq olar”./modern.az/