Bakıda son bir ayda avtoxuliqanlıq edən 12 sürücü saxlanılıb.
ANS TV-nin məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının paytaxt ərazisində saxladığı 12 nəfərdən 3-ü avtoxuliqan, 5-i sərxoş, 4-ü isə sənədsiz avtomobil idarə edənlərdir. Bu şəxsləri Yol Polis İdarəsinin Yol Patrul Xidməti əməkdaşları mart ayının əvvəlindən bu günə qədər baş tutan reydlərdə aşkar edərək saxlayıb.
31 yaşlı Əflatun Nuriyev avtoxuliqanlıq üstündə tutulub. Yol polisi onu Qaradağ rayonu Lökbətan qəsəbəsində minik avtomobili ilə təhlükəli hərəkətlər etdiyi üçün təqib edib və saxlayıb. Məlum olub ki, onun heç sürücülük vəsiqəsi yoxdur. Saxlanılan Əflatun Nuriyev özü isə avtoxuliqanlıq etmədiyini, sadəcə polisə tabe olmadığın deyir.
Nadir Yunusovu isə polis Səbail rayonu ərazisində saxlayıb. Əvvəlcə o da polisə tabe olmaq istəməyib. Sonradan süni tıxac vasitəsi ilə saxlanılıb və məlum olub ki, sürücü Nadir avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.
Acınacaqlısı isə odur ki, saxlanılanlar arasında sərnişin avtobusunu sənədsiz idarə edən sürücülər də var. Saxlanılan Aqil Qurbanovun sözlərinə görə, onun sürücülük vəsiqəsi yoxdur. Amma bir aya yaxın imiş ki, o 142 saylı xətdə hərəkət edən avtobusu idarə edirmiş. O avtobusu ona təqdim edən sahibin heç bir sənəd tələb etmədiyini deyir.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu şəxslərin ictimaiyyətə təqdim olunmasında məqsəd onların ictimai qınağa cəlb edilməsidir. Bu kimi profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək./anspress/