Milli Məclisin 30 sentyabr tarixli iclasında “Yol Hərəkəti haqqında” qanuna dəyişikliklər nəzərdə tutan layihə müzakirə ediləcək.
Milli Məclisin deputatı Vüsal Hüseynov açıqlamasında bildirib ki, bu qanunla sərnişin daşınmasını həyata keçirən avtomobillərin (avtobuslar) sürücüləri üçün yaş və təcrübə ilə bağlı daha sərt yeni tələblər müəyyən ediləcək ki, bu da ictimaiyyətin maraqlarına uyğundur.
Belə ki, “D” kateqoriyasında olan nəqliyyat vasitələrini idarə etmək üçün yaş həddi 21-dən 23-ə, “DE” kateqoriyasında isə yaş tələbi 24-dən 26-ya qaldırılır. Həmçinin, bu kateqoriyalarda olan nəqliyyat vasitələrini idarə etmək üçün maksimum yaş həddi 65 müəyyənləşdirilir.
Eyni zamanda, "D” kateqoriyası üzrə ümumilikdə azı 5 il sürücülük təcrübəsi, “DE” kateqoriyası üzrə isə təkcə “D” kateqoriyasında azı 3 il sürücülük təcrübəsi tələbi müəyyən edilir.
Qeyd etmək lazımdır ki, "D” kateqoriyasına sərnişin daşınması üçün nəzərdə tutulan və sürücü oturacağından əlavə oturacaq yerlərinin sayı 8-dən artıq olan avtomobillər, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan avtomobillər daxildir. "DE" kateqoriyasına isə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan avtomobillər daxildir./trend/