Son zamanlar hər ciddi dünya miqyaslı hadisəni Rusiyaya qarşı addım kimi qəbul etmək populyarlaşıb. Bunu neftin qiymətinin kəskin aşağı düşməsi, valyuta müharibələri, yuanın devalvasiyası, Federal Ehtiyat Sisteminin addımları, bəzi iqtisadi əlaməti olan geosiyasi proseslər, Avropanın maliyyə, gömrük və sair siyasəti barədə demək olar. Maraqlısı odur ki, həmin fikir və ehtimallar əksər hallarda özünü doğruldur və sözügedən hadisələr həqiqətən Rusiyanın zəiflənməsinə yönəlir. Bunu həmçinin, təbii qaz məsələlərinə də aid etmək olar, çünki Avropanın Rusiya qazından asılılığı azaltmaq cəhdi nəinki sirr deyil, ümumilikdə Avropanın enerji siyasətinin əsas məqsəd və aspektidir. Bu günlərdə Rusiyanın Avropa enerji bazarında mövqelərinə daha bir zərbə vurulub.
Beləliklə, ABŞ Avropaya sıxılmış təbii qazla yüklənmiş ilk tanker göndərib, onun Portuqaliyaya gəlməsi artıq bu ayın sonuna planlaşdırılır. Analitiklər dərhal bəyan ediblər ki, ABŞ qazının Avropaya ixrac edilməsi Rusiyanı qitəyə satdığı qazın qiymətini aşağı salmağa məcbur edəcək.
ABŞ Meksika körfəzindən sıxılmış qazı bu ilin fevralında ixrac etməyə başlayıb və hazırda Avropa bu qazın iri satış bazarı kimi qiymətləndirilir. “Argus” agentliyinin hesablamalarına görə, ABŞ qazının Avropa üçün qiyməti 1 mln. Britaniya istilik vahidi üzrə 4,3 dollara (1 min kubmetrə görə təxminən 154 dollar) bərabərdir, Rusiya isə qazı 5,8 dollara (1 000 km3=208 dollar) tədarük edir. Beləliklə, ABŞ artıq Rusiyanı Avropa qaz bazarından sıxışdırmağa başlayıb, bu proses Rusiyanı Köhnə Dünyaya satdığı qazın qiymətini aşağı salmağa məcbur etsə belə, artıq bu nailiyyət hesab olunacaq. Lakin bəlkə planlar daha genişdir və tədricən Avropa istehlakçıları tərəfindən Rusiya qazından imtina etməsini nəzərdə tutur? Faktiki olaraq, bu proseslər paralel gedəcək – ABŞ qazı Rusiya qazını təkcə ucuzlaşdırmayacaq, həm də ixrac həcmini azaldacaq.
Son illər Avropa Rusiya qazından asılılığının azaldılması istiqamətində birgə və ikitərəfli addımlar atır. Məsələn, Polşa indi “Qazpromdan” qaz alsa da, bu müqavilə 2022-ci ilə qədər nəzərdə tutulur. Həmin vaxta qədər Norveçə qaz boru kəmərin tikintisinin başa çatdırmaq planlaşdırılır ki, Rusiyadan qaz alışına son qoyulsun. Eyni zamanda Polşanın Almaniyadan revers qazı alması üzrə işlər aparılır. Avropanın digər ölkələri də Rusiya qazından tədricən imtina etmək niyyətindədir. Bunu o cümlədən, Azərbaycan qazı hesabına etmək istəyirlər. O cümlədən, Trans Adriatik boru kəməri (TAP) vasitəsi ilə Azərbaycandan Cənubi Avropaya ilkin mərhələdə ildə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Bundan əlavə Avropanın regiona qaz nəqli prosesinə Türkmənistanı qoşmaq niyyəti də var, amma hələlik bu məsələlər diplomatik yollarla müzakirə olunur. Nəhayət TAP-ın tərkib hissəsi olduğu “Cənubi qaz dəhlizi” layihəsinə İran cəlb edilə bilər, çünki sanksiyaların ləğv edilməsindən sonra bu məsələ artıq real kimi görünür. Ümumilikdə, Avropa “Qazprom”dan ildə təxminən 160-170 mlrd. kubmetr qaz alır, illik tələbatı təxminən 430 mlrd. kubmetr olan qazın qalan hissəsi digər mənbələrdən alınır.
Qeyd edək ki, Rusiyaya qarşı qaz müharibəsində son illər ərzində Avropa tərəfindən bir neçə addım atılıb. Məsələn, “Şimal axını” layihəsinin ikinci mərhələsinə ciddi maneələr törədilir ki, nəticədə hazırlanma mərhələsində olan bu layihənin reallaşması böyük sual altındadır. Məsələn, bu ilin mart ayında Polşa, Çexiya, Estoniya, Macarıstan, Slovakiya Rumıniya və Latviya həmin layihənin Avropanın enerji təhlükəsizliyinə müəyyən risklərin daşınması barədə birgə müraciət ediblər. Nəticədə, layihə dondurulmuş vəziyyətdədir. “Cənub axını” da eyni vəziyyətə düşüb. Qeyd edək ki, bu layihə Qara dənizin dibi ilə qazın Bolqarıstana və sonradan digər Avropa ölkələrinə nəqlini nəzərdə tuturdu. Lakin Avropa Komissiyası tərəfindən bu layihəyə müəyyən tələblərin qoyulması nəticəsində Rusiya layihədən 2014-cü ilin sonunda rəsmən imtina edib. Maraqlıdır ki, rəsmi imtina Rusiya tərəfindən edildiyindən Moskva buna görə həm də məhkəmə iddiası ilə üzləşib. Belə ki, layihənin podratçısı olan İtaliyanın “Saipem” şirkəti arbitraj məhkəməsində “Qazproma” qarşı 759 mln. avro həcmində iddia qaldırıb.
“Cənub axını”nın taleyi belə başa çatdıqdan sonra Rusiya diqqətini yenidən “Türk axını” layihəsinə yönəldib. Bu kəmər də Qara dənizin dibi ilə Türkiyəyə doğru tikilməli idi, orada isə qaz Avropaya nəql edilməli idi. Lakin Rusiya və Türkiyə arasında məlum olan münaqişələrin pozulması nəticəsində həmin layihə də başlanmamış “vəfat edib”.
Nəticədə, Rusiyanın Avropaya qazın nəqli üzrə bütün yeni layihələr müxtəlif səbəb və yollarla blokada olunur. Aydındır ki, Avropanın siyasi rəhbərliyi Rusiyanın Avropaya qaz ekspansiyasında, qazın həcmlərinin artırılmasında qətiyyən maraqlı deyil. Əksinə, həcmlərin azaldılmasında bütün mümkün olan addımları atmaq niyyətindədir. Qeyd edək ki, iqtisadi cəhətdən Rusiya, bəlkə də, çox itirməyəcək, çünki onun qazına Şərq istiqamətində tələbat mövcuddur. Bu qazın potensial alıcıları ilk növbədə Çin və Hindistandır. Amma siyasi cəhətdən Avropada qaz məsələsi ilə bağlı baş verənlər Rusiyaya ciddi zərbədir. İllər ərzində qaz məsələsi Rusiya-Avropa münasibətlərində birincinin şantaj və hədə aləti olub. İndi isə Rusiya belə təsir vasitəsindən məhrum olacaq, Rusiya isə öz növbəsində daha dərin siyasi və iqtisadi izolyasiyaya düşəcək. İstər-istəməz ağla SSRİ ilə paralellik gəlir, soyuq müharibə dövründə SSRİ-nin əsas müttəfiqləri Şərqdə olub, indi də oxşar ssenari inkişaf etməkdədir. Amma indi hətta həmin müttəfiqlərə də ideoloji cəfəngiyat “keçmir”, kapitalizm ideologiyası hətta Çində belə ön plana keçir. Yəni, Şərq tərəfdaşları görəndə ki, Rusiya qazının satılacaq istiqamətləri günü-gündən azalır və yalnız daxili bazarla Şərq istiqaməti qalır, artıq öz iqtisadi şərtlərini diktə edəcəklər. Bu isə qazın ucuzlaşmasına və Rusiyanın itkilərinə səbəb olacaq.
Qeyd edək ki, ötən ilin payızında Səudiyyə Ərəbistanı Avropaya diskontla neftin nəqlinə başlayıb və o vaxt bu, Rusiyaya qarşı neft müharibəsi əlaməti kimi qiymətləndirilib. Həmin qiymətləndirmə indi də qüvvədədir. Səudiyyə Ərəbistanı bu addımı ilk növbədə öz iqtisadi maraqlarından atıb, yəni söhbət bazarın genişləndirilməsindən gedir. Amma hər halda nəticə eynidir - Rusiya əvvəl Avropanın neft bazarında sıxışdırılmağa başlanıb, indi isə ABŞ-ın sıxılmış maye qazı onu Avropanın qaz bazarından sıxışdırılmasının təməlini qoyub. Rusiya hər tərəfdən sıxışdırılmağa məruz qalır.
Hətta tək iqtisadi sahədə deyil. Ötən həftənin sonunda ABŞ Senatının hərbi qüvvələr üzrə Komitəsi ordu qeneralı Kyortis Skaparrottinin NATO-nun Avropada birləşmiş hərbi qüvvələrinin baş komandanın postuna təyin edilməsi üzrə dinləmələr keçirib. Qeyd edək ki, K. Skaparrotti Rusiyaya qarşı kəskin münasibəti ilə seçilir. Məsələn, onun fikrincə, ABŞ Ukraynaya silah verməlidir ki, o, Rusiyanın bu ölkəyə qarşı hərbi əməliyyatların aparılması şəraitində suverenliyini qorumağa imkan versin. Ümumiyyətlə, K. Skaparrottinin fikrincə, getdikcə artan aqressivliyini nümayiş etdirən Rusiya əsas təhlükə mənbəyidir. Əmin olmaq olar ki, NATO-nun Avropadakı qüvvələrinin yeni baş komandanı birmənalı olaraq anti-Rusiya baxışlı olacaq. Bu da onu göstərir ki, Avropa və ABŞ-ın baş hərbi rəhbərliyi Rusiyanı həm də hərbi baxımından sıxışdırmaq niyyətindədir. Qaz, neft məsələsi kimi alətlər isə Rusiyanın iqtisadi baxımından zəifləndirilməsinə xidmət edir. Əvvəl-axır ölkə daxilində iqtisadi və maddi problemlər ideoloji birləşmədən üstün olacaq ki, nəticədə sosial narazılığın və gərginliyin təsiri altında ölkə rəhbərliyinin ya xarici siyasəti müsbət tərəfə dəyişəcək, ya da....rəhbərliyin özü..../apa/