Rusiyanın enerji daşıyıcılarından asılılığını azaltmağa çalışan Avropa İttifaqı 2019-cu ildən etibarən Türkmənistandan qaz tədarükünə başlamaq niyyətindədir.
Məlumata görə, bunu “Reuters”ə müsahibəsi zamanı Avropa Komissiyanın vitse-prezidenti Maroş Şevçoviç deyib.
“Türkmənistan satdığı qazın diversifikayası vacib olduğu qədər, Avropa İttifaqına da qaz idxalının diversifikasiyası vacibdir. Biz bir-birimiz gözəl başa düşürük... Avropa 2019-cu ildən etibarən Türkmənistan qazını tədarük etmək niyyətindədir”, - deyə vitse-prezident qeyd edib.
Bununla yanaşı, vitse-prezident Avropaya Türkmənistandan il ərzində nə qədər qazın tədarük olunacağını açıqlamayıb.
Xatırladaq ki, mart ayında Türkmənistan rəsmi mənbələrindən xarici mətbuata sızan məlumata görə, rəsmi Aşqabad Brüssellə il ərzində Avropaya 10-30 mlrd. kubmetr qazın nəql olunması ilə bağlı danışıqlar aparır.
M. Şevçoviç deyib ki, Transxəzər boru kəməri layihəsi ilə bağlı danışıqların aparılması üçün tərəflər işçi qrupu yaradacaq: “Bu işçi qrupunda energetika nazirlərinin müavinləri və Xarici İşlər Nazirliklərinin ekspertləri təmsil olunacaq. Biz razılığa gəldik ki, Türkmənistan-Azərbaycan-Türkiyə-Avropa İttifaqı formatında işimizi davam etdirək. Gələcəkdə danışıqlara Gürcüstan da dəvət alacaq. Çünki Gürcüstan tranzit baxımından olduqca əhəmiyyətli ölkədir”.
Vitse-prezident qeyd edib ki, mayın 1-də Aşqabadda baş tutan dördtərəfli görüş müzakirələr zamanı Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı Türkmənistan qazının Avropaya çatdırılması ilə bağlı bütün məsələləri müzakirə edib.
“Xəzər dənizi vasitəsilə Türkmənistan qazını Avropaya nəql olunmasın imkan yaradan “Cənub Qaz Dəhlizi” layihəsi illərdir siyasi, ekoloji və maliyyə qeyri-müəyyənliyi ucbatından yerində sayır. Lakin artıq Türkmənistan siyasi qərar verərək bu layihənin bir parçası olmağa razılıq verdi. Biz düşünürük ki, 2019-2020-ci illər aralığında Azərbaycandan Avropa sərhədlərinə qədər uzanan qaz kəmərlərinin tikintisi başa çatacaq”, - deyə M. Şevçoviç qeyd edib./apa/