ABŞ-ın Texas ştatında yaşayan Pikerinqlər ailəsinin başına faciəvi, həm də möcüzəvi hadisə gəlib.
Trend xarici mətbuata istinadən xəbər verir ki, Pikerinqlər ailəsinin 27 yaşlı üzvü bir neçə dəfə insult keçirdikdən sonra komaya düşür.
Bir gün klinikadan həkimlər ailə başçısı Corc Pikerinqə zəng vurub bildirirlər ki, övladının artıq beyin ölümü təsdiq olunduğu üçün onu aparatdan ayırmaq istəyirlər. Ata Corc bu xəbərdən şok vəziyyətinə düşür və həkimlərə oğlunun aparatdan ayrılmaması üçün xahiş edir. O bildirir ki, əgər oğlunu aparatdan ayırsalar, özünü öldürəcək. Lakin bununla kifayətlənməyən ata tapançasını da götürüb klinikaya gedir, oğlunun müalicə aldığı palataya daxil olur. Palatada Corcu həkimlər qarşılayır və bildirirlər ki, müalicənin səmərəsiz olduğunu təsdiqləyən tibbi komissiya onun övladını aparatdan ayırmaq barədə qərar qəbul edib.
Bununla razılaşmayan ata silahını çıxararaq oğlu ilə tək qalmaq istədiyini bildirir və hər kəsdən palatanı tərk etməyi tələb edir. Bundan sonra klinikanın binasında Corc ilə polis arasında dörd saatlıq gərginlik yaşanır.
Polis və xüsusi təyinatlı qüvvələr klinikanın binasını mühasirəyə alır. Mühasirədə olan ata Corc hələ də aparata qoşulu olan oğlunun əlindən tutur və oğluna yalvarır: “Əgər məni eşidirsənsə, əlimi sıx”. Və bu anda möcüzə baş verir, ata həqiqətən də oğlunun onun əlini sıxmasını hiss edir. Ata oğlundan əlini yenə sıxmasını xahiş edir və oğlu dörd dəfə atasının əlini sıxır.
Beləliklə dörd saatlıq gərginlikdən sonra Corc polislərə təlim olur və həkimləri palataya çağırır. Bir müddət sonra isə oğlu komadan çıxır. Artıq Pikerinqlər ailəsinin 27 yaşlı üvzü tam sağalıb və normal həyatına qayıdıb. Corc isə hadisədən sonra polis tərəfindən həbs olunur. Lakin sonradan onun cəzası yüngülləşdirilir və o, azadlığa buraxılır.
Sonradan Corc öz fikirlərini belə ifadə edir: “Bu bir möcüzə idi. Mən bilirdim ki, oğlum ölməyib. Mən atayam, oğlumla nə baş verdiyini hiss edirdim”
Oğul Pikerinq isə atasının hərəkətlərinə belə münasibət bildirir: “Əlbəttə atam qanunu pozub. Lakin o bunu xöş mənada edib. Əgər atam bunu etməsəydi, bu gün mən həyatda olmazdım. Atamın hərəkəti yalnız sevgidən irəli gəlir”.