“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsi ilə səyyar formada əhaliyə xidmətlər göstərilir.
Qazeta.info “ASAN xidmət” mərkəzlərinə istinadla bildirir ki, 1 - 15 iyul 2015-ci il tarixində Qazax, Tovuz, Ağstafa rayonlarının 350 000-ə yaxın sakini Səyyar ASAN xidmətdən Qazax rayonunda yararlana biləcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
· Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
· Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
· Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
· Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Qeyd edək ki, cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.