İlk hərb nazirimiz Səməd bəy Mehmandarovun yubileyi münasibətilə ölkə başçısının verdiyi sərəncam ordu generalımızın abidəsinin əbədiləşdirilməsi məsələsini gündəmə gətirmək üçün bəlkə də ciddi əsas ola bilər.
ANS TV-nin məlumatına görə, müstəqil cümhuriyyətin ordu qurucularından olan Səməd bəy Mehmandarov tam artilleriya generalı adını Port Arturda, Çinin indiki Dalyan şəhərinin inzibati rayonu olan Lyuyşunda alıb.
Onda Çin Lyuyşunu müqavilə ilə çar Rusiyasına 25 illik icarəyə vermişdi. Çar Rusiyası da bura dəmir yolu xətti çəkmiş, sanki 3-5 il sonra reallaşacaq Rus-Yapon müharibəsi üçün qabaqcadan tədarükünü görmüşdü.
Həqiqətən də 1904-cü ilin yanvarın 26-da yaponlar rusların Port Artur limanında duran eskadrasına gecəykən hücum edir, iki zirehli gəmini və “Pallada” kreyserini partladır. Bununla da Rus-Yapon müharibəsi başlayır. Və həmyerlimiz Səməd bəy Mehmandarov 7-ci Sibir atıcı diviziyasının tərkibinə daxil olan 7-ci atıcı topçu divizionunun komandanı kimi Port Artura gedir. Özü də təkcə Mehmandarovmu? Əliağa Şıxlinski də, Hüseyn xan Naxçıvanskidə, yüzlərlə azərbaycanlı oğulları da.
Araşdırmaçı jurnalist Şəmistan Nəzirli deyir ki, azərbaycanlılardan birinici dəfə Port Arturda yüksək rütbə alan Səməd bəy Mehmandarov olmuşdu: “Çünki Səməd bəy Mehmandarov bir topçu kimi şöhrəti hər yerə yayılmışdı. Səməd bəy Mehmandarov artilleriya sahəsinə çox böyük yeniliklər gətirmişdi”.
Elə müstəqililk dövründə Azərbaycanın ordu qurucusu da məhz Səməd bəy Mehmandarov olur. O qısa bir vaxtda yaxın dostu Əliağa Şıxlinski ilə müstəqil Azərbaycan Respublikasının nizamlı ordusunu yaradır.
Amma 23 ay davam edən müstəqil cümhuriyyət süqut edərkən Mehmandarovun da hərbi-siyasi fəaliyyətində böhran yaşanır.
65 yaşlı generalı güllələnmədən Nəriman Nərimanov xilas edir. Amma çar generalı damğısından o ölən günə kimi xilas ola bilmir.
Həyat yoldaşı və oğlunun tərk edib getdiyi general 1931-ci ilin fevralında dünyasını dəyişir. Bu gün Səməd bəy Mehmandarovun qəbri belə yoxdur. Onu Çəmbərəkənd adı ilə tanınan indiki Şəhidlər xiyabanın ərazisində dəfn etmişdilər.
1939-cu ildə Sergey Mironoviç Kirov öldürüldükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün park salanda məhz sovet rejimi məqsədli olaraq Çəmbərəkənd qəbristanlığını seçir. Qəbristanlıq dağıdılır, Mehmandarovun məzarına isə sahib çıxan olmur.
Bu gün 160 illiyi ərəfəsində generala ən böyük hədiyyəmiz onun məzarını simvolik də olsa təşkil etməkdir. Təkliflər də var. Burada general Həzi Aslanovun məzarının yanında olub Mehmandarovun qəbri. Deyirlər ki, məhz o ətrafda cümhuriyyət generallarının şərəfinə bir abidə qoymaq olar.
Və yaxud, rəssam heykəltaraş Xanlar Əhmədovun emalatxanasında Mehmandarovun heykəlinin eskizi illərdir gözləyir. Bəlkə o eskizə ruh verək? Necə düşünürsüz? Generalın 160 illiyi ərfəsində onun ruhuna bundan gözəl hədiyyə ola bilərmi? /anspress/