Hesablama Palatası 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Məlumata görə, Hesablama Palatasının Kollegiya iclasında dövlət büdcəsindən 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) saxlanılmasına ayrılan vəsaitlərin istifadəsi zamanı büdcə vəsaitlərindən qanunsuz istifadə, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, dövlət sirrinin qorunmaması, hesabatlılığın təmin edilməməsi halları və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq müvafiq yoxlama materiallarının “Hesablama Palatası haqqında” qanunun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.
Nəticələri ilə bağlı qərar qəbul edilmiş audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim edilməsi qərara alınıb.
Qeyd edək ki, 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov olub./apa/