Arif Hacılı seçkinin boykot olunmasına münasibət bildirirb
11.09.2015 659 0.0 0

“Parlament seçkilərində iştirak edən qüvvələri hakimiyyətlə əməkdaşlıqda ittiham etmək konstruktiv mövqe deyil. Xüsusilə iki il bundan əvvəl oxşar siyasi şəraitdə seçkilərdə çox fəal iştirak etmiş bir siyasi təşkilatın bu gün seçkilərdə iştirakı birbaşa satqınlıq və xəyanət kimi dəyərləndirməsi onların özünə nüfuz gətirməz”.
 
Bu sözləri  açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı Milli Şuranın parlament seçkilərində iştirak etməmək haqqında qərarına münasibət bildirərkən deyib. O bildirib ki, Müsavat Partiyası Azərbaycan cəmiyyətinin və demokratik düşərgənin mənafelərini nəzərə alaraq, öz strukturlarında ciddi müzakirələr apardıqdan sonra parlament seçkilərində iştirak barədə qərar qəbul edib: “Biz bu qərarımızı düzgün sayırıq və bunu zaman da təsdiq edəcək. Digər siyasi qüvvələr kimi, Milli Şura da öz qərarlarını qəbul etməkdə sərbəstdir”.
 
A. Hacılı seçkilərin legitimliyi məsələsinin süni surətdə şişirdildiyini deyib: “Cəmi iki il əvvəl oxşar siyasi şəraitdə prezident seçkilərində iştirakımız hakimiyyətin maraqlarına uyğun idimi? Və ya deyək ki, Məhsul stadionunda mitinq keçirmək, sərbəst toplaşma azadlığının mövcudluğu görüntüsü yaratmaq üçündürmü? Partiyalar bu şəraitdə də fəaliyyətini davam etdirirsə, bu, o deməkdirmi ki, belə fəaliyyət normal çoxpartiyalı sistemin mövcudluğunu göstərir? Biz seçkilərdə iştirak etməklə fəaliyyətin və mübarizənin davamlılığını təmin etmək, yerli və ölkə ictimaiyyətinin diqqətini mövcud problemlərə bir daha yönəltmək, cəmiyyəti fəallaşdırmaq, siyasi fəaliyyət üçün mövcud olacaq minimum imkanlardan yararlanmaq, hakimiyyətin bu seçkiləri asanlıqla yola verməsinə şərait yaratmamaq niyyətindəyik. Biz hədəflərimizə nə qədər nail olacağıq, bunu zaman göstərəcək. Amma əminliklə deyirəm ki, boykotla heç nəyə nail olmaq mümkün deyil. Ölkədə dəyişikliklər ya indi, ya da gələcəkdə hökmən seçki kontekstində baş verəcək”.
 
A. Hacılı parlament seçkilərində iştirak edənləri hakimiyyətlə əməkdaşlıqda ittiham etməyin yanlış olduğunu vurğulayıb: “Hər hansı siyasi qüvvənin sənin kimi düşünmədiyi, sənin qəbul etdiyin qərarlardan fərqli qərarlar qəbul etdiyi halda, alternativsiz olaraq bunu satqınlıq, xəyanət kimi dəyərləndirmək yanlış və ziyanlı metoddur”.
 
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar