Argentinada prezident və parlament seçkiləri başa çatıb.
TASS-a istinadən xəbər verilir ki, seçkilərdə ciddi qanun pozuntusu barədə məlumat daxil olmayıb. Səsvermələr yerli vaxtla saat 21:00-da yekunlaşıb.
Argentinanın hazırkı prezidenti Maurisio Makri bildirib ki, ölkə sərhədindən kənarda rekord həddə səsvermə qeydə alınıb.
"Biz seçkiyə böyük maraq görürük, hamı başa düşür ki, bu, ölkəmiz üçün tarixi seçkidir", - deyə o əlavə edib.
Ölkənin ən yüksək vəzifəsi uğrunda 6 namizəd mübarizə aparıb. Seçkidə əsas mübarizə Makri ilə müxalifətdən olan Alberto Fernandes arasında gedib.
Ölkənin Milli Seçki Palatasının seçici səslərinin 90%-nin səslərini hesablamasından sonra yaydığı məlumata görə, Alberto Fernandes seçkilərin birinci turunda lider olub. Qeyd edilir ki, sol mərkəzçi koalisiyanın namizədinə 47,8% seçici səs verib. Argentinanın hazırkı prezidenti, sağ mərkəzçi qüvvələri təmsil edən Maurisio Makri isə 40,69% seçici səsi toplayıb. Maurisio seçkilərdə Fernandesə məğlub olduğunu etiraf edib. "Mən Fernandesi seçilməsi münasibətilə təbrik etmək istəyirəm. Mən ona yenicə zəng etmişəm", - deyə Makri bildirib.
Qeyd edək ki, qanunvericiliyə əsasən namizəd seçkidə qalib gəlmək üçün seçicilərin 45%-dən çoxunun səsini toplamalı ya da onunla rəqibinin səs fərqi 10%-dən çox olmaqla, 40% səs yığmalıdır. Əgər heç bir namizəd qalib gəlməsə, noyabrın 24-də seçkilərin ikinci turu keçiriləcək./Report/