Aprelin 11-i Prezident seçkiləri günü olduğundan qeyri-iş günüdür
03.04.2018 782 0.0 0

2018-ci il aprelin 11-i növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü olduğundan həmin gün qeyri-iş günüdür.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

E.Babayev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub: “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Bununla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “2018-ci il üçün iş vaxtının norması”na və “2018-ci ilin istehsalat təqvimi”nə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkiləri günü olan aprelin 11-i qeyri-iş günü kimi müəyyən olunub”.

E.Babayev onu da əlavə edib ki, ümumilikdə, 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat, o cümlədən aprel ayı üzrə 159 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində də 40 saatlıq iş həftəsində çalışan işçilər üçün həmin beşgünlük iş həftəsi üzrə hesablanmış illik iş vaxtı norması (yəni 1919 saatlıq norma) tətbiq olunur: “Növbəti ayda, yəni may ayında isə iki bayram günü var: 9 May-Faşizm üzərində Qələbə günü və 28 May-Respublika günü. Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən həmin bayram günləri iş günü hesab edilmir. Həmçinin 28 may bazar ertəsinə təsadüf etdiyindən beşgünlük iş həftəsi üzrə işləyənlər bununla əlaqədar əvvəlki iki istirahət günləri (şənbə və bazar günləri) də nəzərə alınmaqla üç gün istirahət imkanı əldə edəcəklər. Ümumilikdə may ayı üzrə aylıq iş vaxtı norması 167 saat təşkil edir”./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar