Aprel ayl «Təhlükəsiz iş aylığı» elan olunub
30.03.2015 823 0.0 0

Qazeta.info bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar cari ilin aprel ayı Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan olunub. Bu barədə DƏMX-in rəisi Fuad Əlizadə məlumat verib. Bununla bağlı müvafiq Tədbirlər Planının təsdiq edildiyini bildirən xidmət rəisi “Təhlükəsiz iş aylığı”nın keçirilməsinin işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsinin və əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasının təmin edilməsi məqsədinə yönəldiyini vurğulayıb:  “Ümumdünya Əməyin Mühafizəsi gününün qeyd olunduğu aprel ayında Tədbirlər Planına əsasən Bakıda və respublikanın regionlarında əməyin mühafizəsi, işçi insanların həyat və sağlamlığının qorunması mövzusunda silsilə tədbirlər həyata keçiriləcək. Bu tədbirlər vasitəsilə işəgötürənlərin, eləcə də işçilərin, ümumən cəmiyyətin diqqətinin əməyin təhlükəsizliyi problemlərinin ciddiliyinə cəlb edilməsi nəzərdə tutulur”.  
   Xidmət rəisi işəgötürənlər və işçilər arasında əməyin mühafizəsi ilə bağlı təbliğat-maarifləndirmə işlərinin aparılması üçün seminar-müşavirələrin, dəyirmi masaların, müxtəlif görüşlərin təşkil olunacağını qeyd edib: “Bununla yanaşı, istehsalat qəzası riski yüksək olan müəssisələrdə, xüsusən də  mişar daşlarının istehsalı sahələrində (daş karxanalarında) əmək qanunvericiliyinə, texniki təhlükəsizlik qaydalarına əməl olunması vəziyyətinin öyrənilməsi üçün sosial tərəfdaşların, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Nəticədə aşkar edilən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək”. 
   F.Əlizadə Ümumdünya Əməyin Mühafizəsi günündə, yəni aprelin 28-də isə “Əməyin mühafizəsi profilaktikası mədəniyyətini birgə yüksəldək” mövzusunda konfransın keçiriləcəyini, tədbirdə əməyin mühafizəsi sahəsində ölkədə mövcud vəziyyətin və qarşıda duran vəzifələrin geniş müzakirə olunacağını bildirib: “Bundan öncə DƏMX tərəfindən ölkəmizdə ilk dəfə olaraq ötən ilin sentyabrında “Təhlükəsiz iş həftəsi”, daha sonra cari ilin yanvar-fevral aylarında “Təhlükəsiz iş ongünlüyü” keçirilib. Belə tədbirlər, ümumən Xidmət tərəfindən həm maarifləndirmə, həm də inzibati yönümdə aparılan işlərin müsbət nəticəsi olaraq, istehsalatla əlaqəli bədbəxt hadisələrin, bu hadisələr nəticəsində ölən və xəsarət alanların sayı kəskin şəkildə azalır. Məsələn, cari ilin yanvar ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 28,5 faiz, fevral ayında isə müvafiq dövrlə müqayisədə 2,6 dəfə azalıb. Belə hadisələr nəticəsində ölənlərin sayı bu ilin yanvar ayında 50 faiz azalıbsa, fevral ayında belə hadisələr nəticəsində ölüm halı ümumiyyətlə qeydə alınmayıb. Xəsarət alanların sayında da kəskin azalma özünü göstərib. Lakin bizim məqsədimiz odur ki, ümumiyyətlə, belə hadisələrin baş verməməsi üçün iş yerlərində səylər daha da artırılsın”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar