Serbiyalı jurnalist Tamara Boyiç canlı yayım zamanı qorxulu anlar yaşayıb. Məlumata görə, qadın yayım zamanı tapançayla hədələnib.
Hadisə Novi-Sad şəhərində "Radio və televiziya Voyevodina" serb dövlət teleradio şirkətinin jurnalist qrupunun reportajı zamanı baş verib. Tamara Boyiç havadan danışan zaman yanından keçən kişi onun üzü qarşısında tapança qaldırıb. Nə baş verdiyini hətta anlamağa vaxt tapmayan qadın reportajı aparmağa davam edib.
Kadrlarda kişinin üzü görünmür, kameraya onun yalnız arxa hissəsi düşüb. Artıq televiziya şirkəti müxbirlərinin mühafizəsinin gücləndirilməsi xahişi ilə Daxili İşlər Nazirliyinə müraciət edib. Telekanalın məlumatlarına görə, polis həmin şəxsin axtarışlarına başlayıb. Tapançanın əsl və ya oyuncaq olduğu hələ məlum deyil.
Keçən il ABŞ-da canlı yayım zamanı buna bənzər hadisə yaşanıb. ABŞ-ın Virciniya ştatının Moneta şəhərində baş verən olay zamanı nəmalum şəxs canlı yayım zamanı müxbir və operatoru güllələyib. Hadisə nəticəsində “TV WDBJ” telekanalının əməkdaşları 24 yaşlı müxbir Alison Parker və 27 yaşlı operator Adam Vard ölüb.Yerli vaxtla 6:45-də baş verən hadisə kameranın yaddasına düşüb və bütün tamaşaçılar bunları canlı olaraq seyr edib./anspress/