Artıq bir neçə gündür ki, ANS TV yeni formatda tamaşaçıların görüşünə gəlir. ANS TV-nin aparıcısı Rita Ömərova yeni format barədə suallarını cavablandırır.
- ANS TV-nin yeni formata keçməsi bir xəbər aparıcısı kimi sizdə hansı hissləri yaradır?
- ANS həmişə xəbər kanalı kimi tamaşaçıların xidmətində olub. Əvəllər hər 2-3 saatdan bir "Xəbərçi" efirdə olurdu və hər hansı bir hadisə baş verəndə "Xəbərçi"nin növbəti buraxılışında onu təqdim etməli olurduq. Düzdür, ANS fövqəladə vəziyyyətlərdə, seçkilərdə proqramında dəyişiklik edirdi və hər saat "Xəbərçi" efirdə olurdu. Amma indiki formatda hadisə baş verən anda və ya yeni bir xəbər çıxanda onu operativ olaraq tamaşaçılara təqdim etmək imkanımız olur. Məncə, ANS xəbər kanalı adını bir daha təsdiqlədi.
- Artıq bir neçə gündür ki, ANS TV-də yeniliklər müşahidə edirik. Bu yeniliklər iş prinsipinizə nə dərəcədə təsir edir?
- ANS-də həqiqətən də işləmək çox maraqlıdır. Operativlik və peşəkarlıq, baş verən hadisəyə obyektiv, dəqiq, qərəzsiz yanaşmaq bizim prinsipimizdir. Amma indi daha operativ olmalıyıq.
- Tamaşaçılarınızın yeniliklərə münasibəti haqqında nə deyə bilərsiniz?
- Tamaşaçılardan müxtəlif rəylər alırıq. Amma xəbəri sevən insanlar bu formatı çox bəyənir. Çünki onlar xəbər almaq istəyirlər və biz də onların istəyini yerinə yetiririk, tamaşaçılara xəbər veririk.
- Qonşu telekanalların reytinq üçün şou proqramlara bu qədər üstünlük verdiyi halda, ANS TV-nin xəbər formatına keçməsi komandanızda narahatçılıq yaradırmı?
- Artıq şou proqamların çoxluğu da insanları yorub. Çünki verilişlərin çoxu bir-birinə oxşardır, eyni formatlıdır. İstənilən halda, tamaşaçılar həmişə xəbəri ANS-dən almaq istəyir və ANS-in xəbərlərinə baxırlar. Ölkədə hər hansı hadisə baş verəndə, xüsusilə də hamının diqqəti bizə yönəlir, çünki bilirlər ki, biz obyektiv xəbər təqdim edirik. Ona görə də komandamız bundan narahat deyil, çünki bilirik ki, istənilən halda, hamı kanalı ANS-ə çevirəcək./anspress/