ANS TV Xəbərlər Xidmətinin Baş Redaktoru Xanım Yadigarlı ANS-in xüsusi müxbirinin sualı ətrafındakı qalmaqala rəy bildirib.
Dünən həmkarım və əməkdaşımız Qənirə Ataşovanın ABŞ Dövlət Departamentinin mətbuat katibinə ünvanladığı sualına mənşəyi və məqsədi bəlli olmayan bir sira cırtdan saytlarda dərc olunan şərhlər və birmənalı olmayan reaksiyalar məni məyus etməyə bilməzdi...
Azərbaycan müstəqil dövlətdir və köləlik dövründən 20 ildən çoxdur ki çıxıb və vuruşaraq istiqlaliyyət qazanıb. Ərəb, Rus, İngilis, Fars, Fransız, Alman və digər dilllərə hörmət etsə də dövlət dili olaraq yalnız Azərbaycan dilini seçib. ANS TV rəhbərliyi Xarici bürolarına rəhbər seçərkən əsasən savada, təfəkkürə, reportyor və analitik qabiliyyətinə önəm verir, müxbirlərimizin əcnəbi dili səlis bilməsi məsələsini əsas qoymur, elə buna görə də bürolarda tərcüməçilər çalışır... Jurnalist Qənirə Ataşovaya gəldikdə isə, O, 20 ildən artıqdır ki, bu sahədə çalışır, Azərbaycanın ən ağır günlərində peşəkarlıqla xalqa xidmət edib, beynəlxalq jurnalistika assosasiyaları tərəfindən dəfələrlə qiymətləndirilib, Azərbaycan rəhbərliyii tərəfindən mükafatlandırılıb. Mən çəkinmədən onu dünya miqyaslı jurnalist adlandırıram. Qənirə xanım ANS-in ABŞ bürosunda artıq 8 aydan çoxdur ki, fəaliyyət göstərir və 120-dən çox reportaj hazırlayıb. Onların arasında ABŞ-ın bir sıra yüksək vəzifəli şəxsləri ilə müsahibələr də olub - o cümlədən elə adı çəkilən Ceyms Uorliklə... ABŞ dövlət departamentinin adı çəkilən mötəbər mətbuat konfransına müəmmalı səbəbdən ANS-in tərcüməçisi daxil ola bilməyib və Qənirə Ataşova Azərbaycan üçün çox vacib olan sualı bacardığı kimi verib: "Necə ola bilər ki, həmsədr Ceyms Uorlik Konqresdə separatçı dağlıq Qarabağ rəhbərliyi ilə görüş keçirir? Buna necə qiymət verə bilərsiz?" Mən Qənirə Ataşovanı yaxşı tanıyıram... Ola bilməzdi ki, onun kimi vətənpərvər jurnalist bu sualı Con Kirbiyə verməsin, onun ingilis dili imkanları heç olmasaydı belə, o ən azı əl işarələri ilə bu sualı başa salacaqdı və sualına cavab alacaqdı. Ona görə ki, bu Azərbaycan üçün taleyüklü sualdı! Eyni zamanda Con Kirbi öz növbəsində bu suala cavab verməli idi. Sual yaranır: Axı nə cavab verəydi?
Təəssüf hissi ilə xatırlatmaq istəyirəm ki, Azərbaycanı həmin mötəbər tədbirdə yalnız ANS təmsil edir və olaydan 15 min km uzaq məsafədən oturub, məsələdən bixəbər olanlara bir də anlatmaq istəyirəm - Peşəkar və Vətənpərvər Jurnalist məhz belə etməli idi! Ona görə də Qənirə Ataşovaya minnətdar olmaq lazımdır, qınamaq yox. Qınanılası tərəf varsa o bu gün də kölə psixologiyası ilə yaşayan və heç bundan xilas olmağa cəhd də etməyənlərdir.../anspress/