ANS-lə Milli Televiziya və Radio Şurası arasında məhkəmə çəkişmələri davam edir. Yanvarın 26-da Bakı Apellyasiya Məhkəməsində ANS-in Teleradio Şurasına qarşı daha iki şikayətə baxılıb.
ANS Müstəqil Yayım və Media Şirkətinin bir müddət əvvəl Səbayel Rayon Məhkəməsinə müraciət edərək, Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin teleşirkətə inzibati tənbeh vermə haqqında 13 oktyabr tarixli qərarlarının (reklam haqqında qanunun pozulmasına görə ANS cərimələnmişdi – red.) ləğv olunmasını istəmişdi. Lakin ANS-in bu iddialarının heç biri təmin olunmamış və qərar qüvvəsində saxlanılmışdı. Hər iki qərardan apellyasiya şikayəti verilib.
Bakı Apellyasiya Məhkəməsinə daxil olan eyni məzmunlu iki şikayətin biri hakim Qədim Babayevin, digəri isə Sahibxan Mirzəyevin icraatında idi. ANS məhkəməyə məktub göndərərək, Mirşahin Ağayevin səhhətindəki problemlərlə əlaqədar işə baxılmasının təxirə salınmasını istəyib. Lakin hakimlərin heç biri bu səbəbi məhkəmənin təxirə salınması üçün yetərli əsas hesab etmədi.
Hər iki məhkəmə prosesində ANS-i təmsil edən Ramin Əliyev çıxışında bildirdi ki, qərar verilərkən qanunvericiliyin tələbləri gözlənilməyib:
"Qanuna görə, inzibati xəta aşkar olunan kimi tədbir görülməli, protokollaşdırılmalıdır. Amma bizə yalnız Teleradio Şurasının iclasının protokolundan çıxarış təqdim olunub. İnzibati pozuntunun başvermə tarixi göstərilməyib. Birinci instansiya məhkəməsi də bunları araşdırmayıb".
Hakimlər bildirdi ki, iş materialları arasında inzibati xəta ilə bağlı protokol yoxdur.
ANS-in hər iki şikayəti təmin edildi - Səbayel Rayon Məhkəməsinin qərarları ləğv edildi və bu işlər bir daha ətraflı araşdırılma üçün yenidən ora qaytarıldı.
Xatırladaq ki, MTRŞ-nin yanvarın 22-də keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq, Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.
Həmin gün ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mir Şahin Ağayev mətbuat konfransı keçirib./anspress/