""Hesabat" verilişi ilə bağlı qəbul edilən qərarın icrasını müvəqqəti dayandırırıq”.
Məlumata görə, bunu Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ANS telekanalının səmimi etirafları nəzərə alınaraq bu addım atılıb.
MTRŞ-nin ötən gün keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq, Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.
Bunun ardınca ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mir Şahin Ağayev mətbuat konfransı keçirib.
Baş direktor bildirib ki, qanun çərçivəsində məhkəməyə müraciət olunacaq.
"Öz hüquqlarımızı hüquqi yolla müdafiə edəcəyik. “Hesabat” verilişinin bağlanması qərarına qarşı mübarizə aparacağıq, məhkəməyə müraciət edəcəyik. Artıq sənədlər hazırlanır və yəqin ki, yanvarın 23-də məhkəməyə müraciət edəcəyik. Artıq söz azadlığının başının üstünü məmurun aldığı ortadadır. MTRŞ-nin qərarı Azərbaycanda demokratiyaya zərbədir", - deyə Mir Şahin Ağayev bildirib./anspress/