ANS Teleradio Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib.
APA-nın məlumatına görə, şirkət şuranın 30 sentyabr 8/1 saylı qərarının ləğv olunması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmənin ilkin iclası oktyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, sentyabrın 30-da MTRŞ-nın növbəti iclası keçirilib. İclasda ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb.
ANS televiziyasının efirində yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.
İclasda həmçinin yayımı dayandırılmış həmin iki proqramın efir vaxtında mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi barədə qərar qəbul edilib.