Ankara terrorunda ölənlərdən biri azərbaycanlı olub
13.10.2015 612 0.0 0

Ötən şənbə günü Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsində dünyasını dəyişənlərdən biri bu ölkədə yaşayan azərbaycanlı ailənin oğlu olub. Məlumata görə, treaktda ölən Gökhan Arpaçayın cəsədi ailəsinə təhvil verildikdən sonra təyyarə ilə dünyaya gəldiyi Qars şəhərinə aparılıb. 32 yaşlı Gökhan dəfn olunarkən anası Türkan Arpaçayın Azərbaycan dilində ağı deməsi hər kəsi ağladıb: “Ay balam, yandım balam, lay-lay balam, lay-lay.” – Türkan Arpaçay oğlunun dəfnində ağlayıb. 

 


Vəfat edən Gökhan Arpaçayın anası Türkan Arpaçay

Gökhan Arpaçayın cənazə mərasimində Cümhuriyyət Xalq Partiyasının (CHP) və Xalqın Demokratiya (HDP) Partiyasının üzvləri də iştirak edib. Arpaçay ailəsi yasda hər hansı bir şüar səsləndirilməsinə, bayraq açılmasına və siyasi çıxışlar edilməsinə izn verməyib. 

Tarixi mənbələrin qeyd etdiyinə görə Türkiyənin Qars, Ərzurum, Ərdaxan, Ağrı, İqdır və s. vilayətlərində XIX əsrin ortalarında və sonunda İrəvan xanlığından köçmüş çox sayda Azərbaycan əslli ailələr var. 

 

Oktyabrın 10-da günorta saatlarında Türkiyənin paytaxtı Ankarada çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub. İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də, Baş Nazirlik Kordinasiya mərkəzi gecə saatlarında ölü sayının 97, yaralı sayının 245 olduğunu açıqlamışdı. 

Türkiyədə 3 günlük milli yas elan olunmuş və ölkədəki bütün bayraqlar yarıya endirilmişdi. 

Baş vermiş terror aktı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng vuraraq başsağlığı vermişdi. 

Baş verənlərin Türkiyədə Cümhuriyyət tarixinin ən qanlı terror hadisəsi olduğu bildirilib. 

 


Ankarada partlayışın baş verdiyi yerlər

Bu ilin iyul ayında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda 30-dan çox insanın ölümü ilə nəticələnən terror hadisəsi baş vermişdi. Baş verənlərə görə, Xalqın Demokratiya Partiyası (HDP) hökuməti ittiham etmiş, bundan sonra Türkiyədə çox sayda hərbçinin və polisin ölümü ilə nəticələnən intensiv terror aktları başlamışdı. Türkiyə Silahlı Qüvvələri (TSK) isə havada və quruda keçirdiyi hərbi əməliyyatlarla çox sayda PKK terrorçusunu məhv etmişdi. 


Ankarada partlayış anı./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar