Xərçəng xəstəsi olan amerikalı yeniyetmənin son arzusu Bakıda reallaşıb.
ANS TV-nin məlumatına görə, Uilyam Olson adlı amerikalı yeniyetmə xərçəng xəstəliyindən əziyyət çəkir. O, ailəsinin işiylə əlaqədar bir müddət Bakıda yaşadıqdan sonra xəstəliyinin ağırlaşması səbəbindən yenidən dogma şəhəri İndianapolisə qayıdıb. Amma, görünür, onun ürəyi də, arzuları da Bakıda qalıb.
“Həkimlər onu müayinə etdikdən sonra bildirdilər ki, çox yaşamayacaq, ömrünə az bir vaxt qalıb. Hazırda Amerikada bir təşkilat fəaliyyət göstərir. Bu təşkilat ağır xəstəliyə dücar olan uşaqların son arzularını yerinə yetirir. Uilyam isə bu təşkilatdan Azərbaycanda bir əyləncə mərkəzinin inşasını arzu etdi”, – deyə Olson ailəsinin dostu Elizabet Stounhaus bildirib.
5 bacının bir qardaşı olan Uilyam hazırda amansız xəstəliklə mücadiləsini davam etdirir. Nikbin notlara köklənərək ailəsinin dəstəyilə sağalacağına ümid edir. Allahın sevgisinə sığınan Uilyam öz məhəbbətini hər kəslə bölüşür. Parkın açılışında olduğumuz müddətdə o, mesajla ürək sözlərini göndərdi.
“Uilyam ünvanladığı mesajında qeyd edir ki, burda, yəni Azərbaycanda yaşadığım müddətdə hər bir şey çox gözəl idi. Mən Azərbaycan xalqını və onun mədəniyyətini çox sevirəm. İstəyirəm ki, bu əyləncə mərkəzi sizə xeyirli olsun. Uilyam ailəsi Allah məhəbbətini bilir və Allahın sevgisinə sığınır”, – deyə Elizabet Stounhaus qeyd edib.
"Meykeviş Foundeyşn" təşkilatının təşəbbüsü ilə yaradılan əyləncə parkı Yasamal rayonu Şərifzadə küçəsinin böyüklü-kiçikli bütün sakinlərini məmnun edib.
Bina sakin Bəkir Şərifov burda uşaqların istirahəti üçün gözəl şərait yardanlara sakinlər adında təşəkkürünu bildirdi.
Xərçəng xəstələrinin son arzusunu yerinə yetirən "Meykeviş Foundeyşn" təşkilatının nümayəndəsi də öz növbəsində yaradılan şəraitə görə aidiyyati qurumlara təşəkkürünü bildirib.
Ümid edirik ki, nə vaxtsa Bakıda yaşadığı binanın pəncərəsindən görünən baxımsız ərazidə park tikilməsini arzulayan Uilyamın arzuları hələ tükənməyəcək. Və o yenidən sevdiyi şəhərə gələcək./anspress/