Amerikalı din xadimi Quba məzarlığını ziyarət edib.
ANS TV-nin məlumatına görə, Azərbaycanda səfərdə olan ABŞ-ın Corctaun Universitetinin professoru və keşişi, “Sərhədsiz Din xadimləri” beynəlxalq təşkilatının prezidenti, imam Yahya Hendi Qubadakı görüşlərinə erməni vəhşiliyinin canlı nümunəsi olan Kütləvi məzarlığa ziyarətlə başladı. Amerikalı qonaq vəhşicəsinə qətlə yetirildiyi aydın sezilən insan sümüklərinə baxandan sonra bir din xadimi kimi belə zorakılıqların əleyhinə olduğunu və gördükləri barədə ölkəsində ətraflı danışacağını dedi.
“Dünyanın hər hansı bir yerində baş verən ədalətsizlik artıq hər yerdə ədalətə təhlükədir. Təbii ki, mən bura öyrənməyə, bilməyə, eşitməyə gəlmişəm. Bu barədə hər yerdə məlumat verəcəm”, - deyə amerikalı din xadimi bildirib.
Amerikalı din nümayəndəsinə məzarlıq barədə, müxtəlif xalq və etniklərin- azərbaycanlılarla yanaşı- ləzgilərin, tatların, yəhudilərin, amansızcasına, xüsusi qəddarlıqla öldürülməsi haqqında geniş məlumat verildi. Öz növbəsində İmam Yəhya məzarlıqda uyuyan günahsız insanların ruhuna hörmət əlaməti olaraq 3 dildə - yəhudi, ərəb və ingilis dillərində dua etməsi də diqqətdən yayınmadı.
Amerikalı din xadimi Quba Soyqırım Memorial Kompleksində 1918-ci il soyqırımına həsr olunmuş foto-güşə ilə də tanış oldu. “Sərhədsiz Din Xadimləri” beynəlxalq təşkilatının rəhbəri gün ərzində sinaqoq və məscidə də baş çəkəcək. /anspress/