Alxanlı hadisəsi ilə əlaqədar Berlində aksiya keçiriləcək
06.07.2017 764 0.0 0

Almaniya, Moldova və Ukraynada yaşayan azərbaycanlılar Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribat nəticəsində dinc sakinlərin həlak olmasına müxtəlif formada etiraz edəcəklər.

 

Diasporla İşü zrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Berlində aksiya iyulun 8-də saat 14.00-da Brandenburq qapılarının qarşısında baş tutacaq.

 

Mitinqdə Berlində və digər şəhərlərdə yaşayan soydaşlarımız, diaspor təşkilatlarının təmsilçiləri, türk və digər xalqların icmalarının nümayəndələrinin iştirakı gözlənilir. Aksiya iştirakçıları Berlin sakinlərinin və qonaqların diqqətini erməni vəhşiliklərinə yönəltmək məqsədilə müxtəlif şüarlar səsləndirəcək, sonda Almaniyanın rəsmi qurumlarına müraciət qəbul edəcəklər. Etiraz aksiyası Almaniya Azərbaycan Evi, Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi və Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir.

 

Moldovada Azərbaycanlıları Konqresi tərəfindən isə iyulun 7-də paytaxt Kişinyovda mərkəzi meydanda fləşmob və yürüş keçirilməsi planlaşdırılıb. Yürüşdə Moldovada yaşayan azərbaycanlılar və diaspor təşkilatları üzvlərinin iştirakı gözlənilir.

 

Ukraynanın paytaxtı Kiyevdə də paytaxtda yaşayan azərbaycanlı gənclər tərəfindən ATƏT-in yerli ofisinin qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Aksiyaya diaspor üzvlərinin də qoşulması gözlənilir.

 

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.  1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar