Almaniyada yeni hökumətin qurulması baş tutmayıb
20.11.2017 832 0.0 0

Almaniyada yeni koalisiya hökumətinin qurulması ilə bağlı təşəbbüslərin uğursuz nəticələnməsi ilə əlaqədar “Almaniya üçün Alternativ” Partiyasının liderləri Aleksander Qauland və Alisa Vaydel kansler Angela Merkeldən vəzifəni tərk etməsini tələb ediblər.

 

"RİA Novosti"yə istinadən verilən məlumata görə, A. Qauland bu barədə Bundestaqdakı çıxışı zamanı bəyan edib. O bildirib ki, hökumət koalisiyasının yaranması baş tutmayıb və bu, ictimai konsensusu əks etdirmədiyi üçün alınmayıb. 


Solçuların lideri Katya Kipinq yeni hökumətin qurulması ilə bağlı ilkin danışıqların baş tutmamasını Angela Merkel erasının başa çatması kimi qiymətləndirib. 

 

Xatırladaq ki, ötən gün Almaniyanın Azad Demokratlar Partiyası Xristian Demokratlar İttifaqı ilə Xristian Sosial İttifaqı blokunun və  “Yaşıllar” partiyasının yer aldığı koalisiyanın yaranması ilə bağlı həftələrdir davam edən danışıqlardan çəkildiyini bəyan edib. Danışıqlar sentyabrda keçirilən parlament seçkilərindən dərhal sonra başlayıb. Şərti olaraq “Yamayka” adlandırılan koalisiyanın qurulması bu ittifaqa Bundestaqdakı 709 mandatdan 393-nə sahib olmaq imkanı verəcəkdi. Lakin azad demokratların çıxması ilə koalisiya 44 faiz mandata sahib olacaq ki, bu da çoxluq deyil. 

 

Əgər Angela Merkel azlıq hökuməti qurmaq barədə qərar verəcəksə, o zaman ölkə başçısı kansler vəsifəsi üçün onun namizədliyini təklif edəcək. Lakin Merkel yeni seçkilərin keçirilməsi barədə qərar verəcəksə, yenə də ilk növbədə kansler seçilməlidir. Bütün hallarda prezident ilk növbədə Bundestaqa yeni kanslerin namizədliyini təklif edəcək. Yeni kanslerin seçilməsi üçün isə partiyalararası danışıqlar aparılmalıdır. Əgər ilk mərhələdə kansleri seçmək mümkün olmayacaqsa, bunun üçün daha 14 gün veriləcək. Bu müddət ərzində kansler seçilməzsə və keçirilən səsvermə də nəticə verməzsə, prezident ya uğursuzluğa düçar olmuş namizədi kansler təyin etməli, ya da Bundestaqı buraxmalıdır. 60 gün ərzində yeni seçki olmalıdır. Bu səbəbdən yeni seçkilərin keçirilməsi fevralın ortalarına kimi çəkə bilər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar