Almaniyanın iqtisadiyyat naziri Siqmar Qabriel İran İslam respublikasına səfər edib. Məlumata görə, səfərin məqsədi bu ölkədə Almaniya iqtisadiyyatı üçün yeni iş yerləri imkanlarının araşdırılmasıdır. İranla altılıq ölkələri arasında əldə olunan nüvə razılaşmasından sonra Qabriel bu ölkəyə səfgər edən yüksək vəzifəli ilk qərbli siyasətçi olub. Səfər zamanı İran prezidenti Həsən Ruhani ilə görüşməsi gözlənilən alman nazirin bəzi nazir, sənayeçi və biznesmenlərlə də təmasları olacaq.
Səfərdə Siqmar Qabrieli almaniyalı sənayeçi və biznesmenlərdən ibarət geniş nümayəndə heyəti müşayiət edir. Heyətin tərkibində Almaniya Sənaye və Ticarət Palataları Şurasının (DIHK) prezidenti Erik Şveyser də var.
İqtisadi sanksiyaların ləğv olunması ilə İran və Almaniya arasında milyardlarla avroluq biznes əlaqələrinin qurulacağı gözlənilir. DIHK-dan verilən statistik məlumata görə, 2014-cü ildə iki ölkə arasında ixracat 2.39 milyard avro olub və bu rəqəmin 3-4 il ərzində 10 milyard avroya çatacağı güman olunur.
Qeyd edək ki, hazırda İranda 80 Almaniya şirkəti biznes fəaliyyəti göstərir.
Xatırladaq ki, Vyanada İran ilə altılıq ölkələri arasında aparılan danışıqlarda tərəflər arasında razılaşma əldə olunub. Bu razılaşmaya görə, İran daxilində nüvə obyektlərinin təftişi - BMT inspektorlarına hərbi obyektləri təftiş etməyə icazə verilə bilər, amma bu avtomatik olmaya bilər. Həmçinin, İran razılaşır ki, əgər razılaşmanı pozarsa, sanksiyalar 65 gün ərzində bərpa oluna bilər. bundan başqa, BMT-nin silah embarqosu və raket sanksiyaları 5-8 il ərzində qüvvəsində qalacaq.
İran ilə altılıq ölkələri arasında əldə olunan bu razılaşma dünyada birmənalı qarşılanmayıb. Bir çox ölkə İranla "altılıq" arasında əldə olunan razılığı dəstəkləsə də, digərləri tənqid edir./anspress/