"Yaxın Şərqdə, xüsusilə də Suriyada sabitliyin bərqərar olunmasında, hökm sürən xaosun aradan qaldırılmasında Rusiyanın oynadığı rol əhəmiyyət kəsb edir".
QMİ-dən verilən məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Çeçenistanın sabiq prezidenti Əhməd Kadırovun anadan olmasının 65 illiyinə həsr olunmuş beynəlxalq konfransda deyib.
QMİ sədri Qarabağ probleminin ədalətli sülh yolu ilə həllinin vacibliyi barədə danışaraq qeyd edib ki, 20 ildən çox davam edən bu münaqişə Qafqazın inkişafına əngəldir. O, Rusiya prezidenti Vladimir Putinin sülhün əldə olunması istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirdiyini bildirib.
Şeyxülislam qeyd edib ki, ekstremistlər, təkfirçilər, din adından istifadə edən sektalar, İŞİD və digərlərin məqsədi və məramlarının, habelə cəmiyyət daxilində nifaq salan, xalqların əsrlər boyu formalaşmış mənəvi köklərini məhv edən, ənənəvi dəyərlərə və dövlətçiliyə qarşı radikal addımlara sövq edən, gəncliyi psevdoislam ideyalarla zəhərləyərək alçaq niyyətlərinə alət edənlərin İslama, müsəlmanları narahat edən problemlərə heç bir dəxli yoxdur./apa/