Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibətilə azərbaycanlıları təbrik edib.
QMİ mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə deyilir:
“İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha -- Qurban bayramına Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımiz Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır. İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı layiqli şəkildə bayram etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə həm müqqədəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyevin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması, əzəli torpaqlarımıza Böyük Qayıdışımız yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar. Valideynlər, doğmalarla yanaşı, qaçqın, köçkün, kimsəziz, ehtiyacı olan soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, sevincini onlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir”./apa/